Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin təşəbbüsü və Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İdarəetmə Qrupundan məlumat verilib. Bildirilib ki, görüşdə xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik mühitdə ölkəmizi təmsil etməsi, Azərbaycanın elmi və mədəni potensialının tanıdılması, eləcə də tələbələrin bu istiqamətdə təşəbbüskarlığının artırılması məsələləri müzakirə olunub.
Səfirliyin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarovun iştirak etdiyi görüşdə təqaüdçülərin universitetin akademik və sosial həyatında fəal iştirakı, beynəlxalq tələbə təşkilatlarında təmsil olunması və müxtəlif ölkələrdən olan gənclərlə əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən tədbirlərin təşkili, milli bayramların və əlamətdar günlərin qeyd olunması, həmçinin mədəniyyətlərarası dialoqu təşviq edən təşəbbüslərdə azərbaycanlı tələbələrin iştirakının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə təqaüdçülərin həyata keçirməyi planlaşdırdıqları milli-mədəni tədbir və təşəbbüslərə səfirlik tərəfindən dəstək imkanları, eləcə də xaricdə təhsil müddətində qarşılaşa biləcəkləri çətinliklərin həlli üçün mövcud mexanizmlər barədə məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.