İstanbulda Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qeyd edilib
İstanbul, 29 oktyabr, AZƏRTAC
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) ilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü ildönümünə həsr olunan təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Cümhuriyyət dəyərləri, Qazi Mustafa Kamal Atatürkün tarixi irsi və Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı xüsusi qeyd olunub.
İSTAD-ın İstanbuldakı mərkəzində keçirilən mərasimdə Türkiyənin və Azərvaycanın bu şəhərdəki dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda Qazi Mustafa Kamal Atatürkün zəngin tarixi irsi, azadlıq mübarizəsi və Cümhuriyyət dəyərlərinin mühüm əhəmiyyəti vurğulanıb.
Mərasimdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun məsul əməkdaşı Əli Əlabbasov, TADEF-in sədr müavini Pərviz Məmmədzadə iki ölkə arasındakı dərin tarixi və mədəni köklərə diqqət çəkərək birlik, həmrəylik və qardaşlıq mesajları veriblər.
Çıxışlarda Azərbaycan ilə Türkiyə arasındakı əsrlərə söykənən qardaşlıq əlaqələrindən bəhs olunub, bu tarixi bağların sarsılmazığı bir daha dilə gətirilib.
Tədbirin bədii hissəsində Azərbaycanın zəngin musiqi incilərindən ibarət konsert proqramı təqdim edilib, sonda qonaqlara ziyafət verilib.
Proqram çərçivəsində dosent Kubilay Çelikin qələmə aldığı “Xoş gəlişlər ola, Mustafa Kamal Paşa” kitabının təqdimatı keçirilib.