Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, professor, rejissor Oqtay Babazadənin 85 illik yubileyi münasibətilə tarix elmləri namizədi, professor Nigar Axundovanın “Sənədli filmlər ustası” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan məlumat verilib.
Tədbir Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev yubilyarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Oqtay Babazadə ömrünün 65 ildən artığını televiziyaya həsr edib.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova Azərbaycan Televiziyasında Oqtay Babazadə ilə birgə əməkdaşlığından bəhs etdi, yubilyara təbriklərini çatdırdı.
Sonda rejissor Oqtay Babazadənin 2010-cu ildə çəkdiyi “Toğrul” sənədli filmi nümayiş etdirildi.