Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?
Bakı, 29 oktyabr, AZƏRTAC
Ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tələbələrin nəzəri biliklərə yiyələnməsi ilə yanaşı, onların müstəqil düşünmə, araşdırma aparma və yaradıcı yanaşma bacarıqlarının inkişaf etdirilməsidir. Bu prosesdə universitetlərdə fəaliyyət göstərən tələbə klubları, elmi cəmiyyətlər və müxtəlif dərnəklər mühüm rol oynayır. Bəs həmin təşkilatların fəaliyyəti tələbələrin elmi və yaradıcı potensialının üzə çıxarılmasına nə dərəcədə töhfə verir? Gənclərin tədqiqat aparmaq, yazmaq və yeni ideyalar irəli sürmək bacarıqlarının inkişafı üçün hansı imkanların genişləndirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli AZƏRTAC-a açıqlamasında bildirib ki, müasir dövrdə ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri tələbələrə yalnız nəzəri biliklər vermək deyil, həm də onların elmi düşüncə və tədqiqat bacarıqlarını inkişaf etdirməkdir: “Elmi-tədqiqat fəaliyyəti tələbələrə müstəqil düşünməyi, problemləri təhlil etməyi, yeni ideyalar irəli sürməyi və əldə etdikləri bilikləri praktikada tətbiq etməyi öyrədir. Hazırda tələbələr arasında elmi araşdırmalara maraq olsa da, bu marağın daha da artırılmasına ehtiyac var. Bəzi tələbələr elmi tədqiqat aparmaq üçün kifayət qədər biliyə və təcrübəyə malik olmadıqlarını düşünürlər. Dərs yükünün çoxluğu, vaxt çatışmazlığı, elmi mənbələrdən istifadə bacarıqlarının zəif olması və motivasiya çatışmazlığı da tələbələrin elmi fəaliyyətə qoşulmasına mane olur.

Bu problemlərin həlli üçün universitetlərdə tələbələrə daha geniş imkanlar yaradılmalıdır. Elmi seminarların, təlimlərin, konfransların və müxtəlif tədqiqat layihələrinin təşkili tələbələrin elmi fəaliyyətə marağını artıra bilər. Eyni zamanda, onların elektron kitabxanalardan və elmi məlumat bazalarından istifadə imkanları genişləndirilməlidir. Tələbələrə yalnız nəzəri biliklər vermək deyil, həm də onları praktiki araşdırmalara cəlb etmək vacibdir”.
Tələbələrin elmi bacarıqlarının inkişafına erkən mərhələdən başlanılmasının əhəmiyyətini vurğulayan ekspert bildirib ki, məktəb illərindən şagirdlərə araşdırma aparmaq, məlumatları təhlil etmək və düzgün mənbələrdən istifadə etmək vərdişləri aşılanmalıdır. Universitetə daxil olduqdan sonra isə bu bacarıqlar daha da inkişaf etdirilməli, tələbələrə elmi məqalə yazmaq, tədqiqat metodlarını öyrənmək və akademik mənbələrlə işləmək qaydaları izah olunmalıdır.
Təhsil eksperti tələbə elmi cəmiyyətlərinin də bu prosesdə mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bu cəmiyyətlər gənclərə öz ideyalarını bölüşmək, elmi tədbirlərdə iştirak etmək və tədqiqat nəticələrini təqdim etmək imkanı verir. Belə təşkilatların fəaliyyəti tələbələrin həm elmi biliklərini, həm də ünsiyyət, əməkdaşlıq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Ekspert müəllimlərin tələbələrlə birgə elmi tədqiqatlar aparmasının da böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, müəllimlər öz təcrübələrini tələbələrlə bölüşməklə onların elmi fəaliyyətə başlamasına kömək edə bilərlər. Birgə layihələrdə iştirak, elmi məqalələrin hazırlanması və konfranslarda çıxış etmək tələbələrin özünəinamını artırır və gələcəkdə tədqiqatçı kimi formalaşmalarına şərait yaradır.
Müsahibimizin fikrincə, tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması universitetlərin, müəllimlərin və tələbələrin birgə səylərini tələb edir. Bunun üçün əlverişli elmi mühit yaradılmalı, tələbələrin təşəbbüsləri dəstəklənməli və onlara praktiki tədqiqat imkanları verilməlidir. Elmi fəaliyyətə marağın erkən yaşlardan formalaşdırılması gələcəkdə savadlı, yaradıcı düşünən və yeniliklərə açıq mütəxəssislərin yetişməsinə mühüm töhfə verə bilər.
Müxbir-Nərmin Muradzadə