İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
29 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhməd ölkəmizə səfəri çərçivəsində Azərbaycan Hökumətinin ayırdığı təqaüdlə Bakıda təhsil alan quruma üzv dövlətlərin gəncləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) baş tutan tədbirdə əvvəlcə qurumun Mənzil Qərargahı ilə tanışlıq keçirilib.
Bildirilib ki, ümumilikdə 46 İƏT ölkəsindən 350-yə yaxın gənc Azərbaycanın ayırdığı təqaüdlərdən faydalanıb.
Baş katib İsmail Ould Şeyx Əhməd çıxışında İƏT-in gələcək hədəfləri və perspektivləri, habelə təşkilatın yeni rəhbəri kimi qarşıya qoyduğu məqsədlər və gənclərin bu prosesdəki rolu barədə mühüm məqamlara toxunub. O, İƏT gənclərinə göstərilən xüsusi qayğı və diqqətə, həmçinin təhsil üçün təqaüdlərin ayrılmasına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
İƏT gəncləri arasında əlaqələrin gücləndirilməsi və onların xalqlararası bağların inkişaf etdirilməsi sahəsində fəallığının təşviqi məqsədilə təşkil olunan görüş “İslam dünyasında həmrəyliyin gücləndirilməsində gənclərin mədəni diplomatiya səfirləri kimi rolu” mövzusunda interaktiv sual-cavab sessiyası ilə davam edib. Sessiyada gənclərin mədəniyyətlərarası dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.