İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə keçirdiyi görüşlər Azərbaycanın İslam dünyası ilə münasibətlərinin dinamikasını və gələcək prioritetlərini qiymətləndirilməsi nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyət kəsb edir. Bu təmaslar addım-addım formalaşan diplomatik əlaqələrin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq platformalardakı mövqeyinin möhkəmləndirilməsi, milli maraqlarının təşviqi və müsəlman ölkələri arasında çoxtərəfli əməkdaşlığın daha təsirli mexanizmlərinin qurulması kontekstində dəyərləndirilməlidir. Xüsusilə 2027-ci ildə İƏT-in 16-cı Zirvə Konfransının Bakıda keçirilməsi və Azərbaycanın təşkilata sədrliyi öz üzərinə götürməsi ölkəmiz üçün həm mühüm diplomatik imkanlar pəncərəsi açır, həm də ciddi siyasi məsuliyyət müəyyənləşdirir. Müstəqilliyin bərpasından sonra Azərbaycan İslam dünyası ilə inteqrasiyanı xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyaraq fəal diplomatiya, siyasi dialoq və humanitar layihələrlə zənginləşib. Azərbaycanın 1991-ci ildən İƏT-in bərabərhüquqlu üzvü olması, təşkilatın müxtəlif alt strukturlarında fəal təmsil olunması və 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin bu istiqamətdə ardıcıl siyasətinin real göstəriciləridir. Müasir dövrdə isə əsas məqsəd diplomatik təmasları və qəbul edilən qərarları deklarativ çərçivədən çıxararaq praktiki nəticələrə və müştərək iqtisadi-siyasi uğurlara çevirməkdir.
“İƏT platforması Azərbaycan üçün suverenliyin və ərazi bütövlüyünün müdafiəsi baxımından mühüm siyasi-diplomatik dayaq olub. İşğal dövründə təşkilatın qəbul etdiyi ədalətli qətnamələr beynəlxalq hüququn və həmrəyliyin bariz nümunəsidir. Keçmiş təcrübə göstərir ki, siyasi bəyanatlar real təsir mexanizmləri ilə dəstəkləndikdə daha təsirli nəticələr verir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrliyi dövründə təşkilat daxilində siyasi koordinasiyanın gücləndirilməsi, iqtisadi və texnoloji inteqrasiyanın genişləndirilməsi, eləcə də beynəlxalq müstəvidə artan İslamofobiya ilə sistemli mübarizənin aparılması prioritet istiqamətlər kimi çıxış edəcək.
Mədəni və humanitar bağların gücü
Həmçinin İslam dünyasında siyasi tərəfdaşlığın davamlılığı mədəni və humanitar bağların gücündən birbaşa asılıdır. Bu istiqamətdə ICESCO ilə tərəfdaşlıq və Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna rol oynayır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu yalnız ölkə daxilində deyil, coğrafi hüdudları aşaraq geniş miqyasda sosial və mədəni layihələr icra edir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsləri ilə ICESCO çərçivəsində Nigerin münaqişədən zərər çəkmiş regionlarında qadınların sosial imkanlarının genişləndirilməsi üzrə imzalanmış saziş Azərbaycanın "yumşaq güc" diplomatiyasının və konkret əməli fəaliyyətinin əyani göstəricisidir”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq əlavə edib ki, işğal olunmuş ərazilərdə dini və mədəni irsin sistemli şəkildə dağıdılması yalnız Azərbaycanın tarixi-mədəni irsinə deyil, ümumən İslam sivilizasiyasına vurulmuş ağır zərbədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda mövcud olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb, digərləri isə təhqir olunaraq təyinatına yad məqsədlər üçün istifadə edilib. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində tarixi məscidlərin bərpası və yenilərinin inşası həm milli, həm də dini kimliyin reabilitasiyasına xidmət edir. Bu faktların sənədləşdirilərək İƏT və ICESCO kimi beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmə gətirilməsi isə mədəni diplomatiyanın başlıca vəzifəsidir.
“Azərbaycanın İslam dünyasındakı rolunu unikal edən əsas amillərdən biri də onun dünyəvi dövlətçilik modelini İslami dəyərlər və sivilizasiyalararası dialoqla uğurla uzlaşdırmasıdır. Bu model ölkəmizə bir tərəfdən müsəlman dövlətləri ilə strateji münasibətləri dərinləşdirmək, digər tərəfdən isə Qərb və Şərq sivilizasiyaları arasında barışdırıcı və dialoq təşviq edən aktor kimi çıxış etmək imkanı verir”, - deyə politoloq əlavə edib.