ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Unibersitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan-Macarıstan: ədəbi-mədəni əlaqələr” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Tədbiri açan universitetin rektoru professor Cəfər Cəfərov Azərbaycan və Macarıstan arasında ədəbi-mədəni əlaqələrin inkişafının, xalqların ədəbi irsinin qarşılıqlı öyrənilməsinin və elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor seminarın yeni elmi təşəbbüslərin yaranmasına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxış edərək Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrinin inkişafı, akademik əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, iki ölkənin ədəbiyyatının və mədəni irsinin qarşılıqlı öyrənilməsinin yeni tədqiqat istiqamətlərinin yaranmasına və birgə layihələrin həyata keçirilməsinə imkan yaratdığını qeyd edib.
Seminarda filologiya elmləri doktoru İlhami Cəfərsoy, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rasim Müzəffərli, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Gülbəniz Babayeva, filologiya üzrə fəlsəfə doktoru Aygün Heydərova və müəllim Aynur Bədəlova çıxışlarında Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin müxtəlif aspektlərinə, xalqların ədəbi-mədəni irsinin öyrənilməsinə, elmi tədqiqatların genişləndirilməsinə və qarşılıqlı əməkdaşlıq perspektivlərinə toxunublar.
Tədbirin bədii hissəsində “Meh” ədəbi dərnəyinin üzvləri ədəbi-bədii nümunələrlə çıxış ediblər.