Beynəlxalq simpoziumda Dilçilik İnstitutu əməkdaşlarının elmi məruzə və nəşrləri təqdim edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Türkiyənin Qars şəhərində keçirilən XIII Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Simpoziumunda təmsil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda müxtəlif ölkələrin alimləri, tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.
Simpozium çərçivəsində institutun kitabxana müdiri Sevil Zülfüqarova "Süni intellektin gənc nəslin ana dilində ünsiyyətinə təsiri və kitabxanalarımızın öhdəlikləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süni intellekt texnologiyalarının gənc nəslin ana dilində kommunikasiya proseslərinə təsiri, rəqəmsal mühitin dil davranışlarına gətirdiyi dəyişikliklər və müasir kitabxanaların informasiya cəmiyyətində yeni funksiyaları elmi-nəzəri aspektdən diqqətə çatdırılıb.
Beynəlxalq tədbirdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin müəllifi olduğu 1926-cı il Türkoloji Qurultayının tarixi, arxiv sənədləri və milli mətbuat materialları əsasında hazırlanmış kitabın təqdimatı da keçirilib. Nəşr XX əsrin əvvəllərində türkoloji düşüncənin inkişafında mühüm mərhələ təşkil edən 1926-cı il Türkoloji Qurultayının tarixi əhəmiyyətinin arxiv sənədləri və dövrün mətbuat materialları əsasında araşdırılması baxımından xüsusi elmi dəyər daşıyır. Təqdim olunan nəşrdə Türkoloji Qurultayın elmi-mədəni mühitini, gündəlikdə duran məsələləri və həmin dövrün ictimai-elmi düşüncəsini əks etdirən sənədlərin və milli mətbuat materiallarının sistemləşdirilməsi diqqət çəkir. Bu baxımdan kitab türkoloji fikir tarixinin öyrənilməsi, eləcə də Azərbaycan elmi-mədəni irsinin beynəlxalq elmi mühitdə tanıdılması baxımından əhəmiyyətli mənbə kimi səciyyələndirilə bilər.
Simpoziumda, həmçinin institutun şöbə müdiri dosent Xədicə Heydərovanın hazırladığı üçcildlik “Nəsiminin ana dili əsərlərinin izahlı ensiklopedik lüğəti” təqdim olunub. Nəşr İmadəddin Nəsiminin ana dilində yaratdığı zəngin ədəbi irsin leksik-semantik xüsusiyyətlərinin sistemli şəkildə araşdırılması və izahı baxımından mühüm elmi mənbədir. Üçcildlik lüğət klassik Azərbaycan ədəbi dilinin söz varlığının öyrənilməsi, Nəsimi yaradıcılığının dil xüsusiyyətlərinin daha dərindən tədqiqi və gələcək araşdırmalar üçün elmi bazanın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, beynəlxalq simpozium çərçivəsində Dilçilik İnstitutunun əməkdaşlarının təqdim etdiyi elmi məruzə və nəşrlər müasir dil proseslərindən klassik Azərbaycan ədəbi dilinin tədqiqinədək geniş elmi istiqamətləri əhatə edib. Bu təqdimatlar Azərbaycan dilçiliyinin aktual problemlərinin, milli dil və ədəbi irs məsələlərinin beynəlxalq elmi platformalarda müzakirəsinə və Azərbaycan alimlərinin əldə etdiyi elmi nəticələrin xarici həmkarlarla bölüşdürülməsinə mühüm imkan yaradıb.