Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub
Tərtər, 29 oktyabr, AZƏRTAC
Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“SOY Production” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva filmin hazırlanması, ideyası və ərsəyə gəlmə prosesi haqqında məlumat verib. Bildirib ki, film Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi misilsiz şücaətlə xalqımızın yaddaşında əbədi yer tutmuş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və döyüş yoluna həsr olunub. Natiq Qasımovun qəhrəmanlığı Vətənə sədaqətin, cəsarətin, iradənin və mənəvi gücün parlaq nümunəsidir. Onun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Belə qəhrəmanların həyat yolunun öyrənilməsi, onların şücaətinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Bu baxımdan, “Düşmənə qarşı tək” filminin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması mühüm əhəmiyyət daşıyır. Müasir texnologiyaların imkanlarından istifadə edilməklə hazırlanmış bu ekran əsəri tarixi yaddaşımızın qorunmasına, milli qəhrəmanlarımızın tanıdılmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.
Filmin ssenari müəllifi süni intellekt üzrə mütəxəssisi Sarvan Hüseyn və redaktoru Fariz Əliyev, eləcə də ekran əsərinin hazırlanmasında əməyi olan digər yaradıcı şəxslər bu mühüm layihənin həyata keçirilməsində iştirak ediblər. Onların əməyinin nəticəsi olan film qəhrəmanımızın şücaətini müasir kino imkanları vasitəsilə tamaşaçılara çatdırır.
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci virse-prezident Mehriban xanım Əliyevaya, həmçinin filmin yaradıcı heyətinə öz minnətdarlığını bildirib.
Sonra “Düşmənə qarşı tək” filmi nümayiş olunub.
Daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, “Düşmənə qarşı tək” filmi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən təsirli və ağrılı səhifələrindən birini əks etdirir. Bu ekran əsəri təkcə bir qəhrəmanın döyüş yolunu canlandırmır, həm də Vətən sevgisinin, insanlıq borcunun, mənəvi gücün və sarsılmaz iradənin nəyə qadir olduğunu nümayiş etdirir.
Filmin Tərtər rayonunda nümayişi qürurludur. Çünki Tərtər şəhəri İkinci Dünya müharibəsindən sonra Avropanın ən çox bomba və raket hücumuna məruz qalan şəhəridir.Tərtərlilər Birinci Qarabağ müharibəsində də, 44 günlük Vətən müharibəsində də böyük dözüm, dəyanət nümayiş etdiriblər.
Diqqətə çatdırılıb ki, “Düşmənə qarşı tək” filminin ərsəyə gəlməsi bu tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni hadisədir. Süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə belə bir ekran əsərinin hazırlanması tarixi hadisələrin yeni təqdimat vasitələri ilə tamaşaçılara çatdırılmasına nümunədir. Texnologiya dəyişə bilər, zaman dəyişə bilər, lakin qəhrəmanlıq nümunələrinin mənəvi dəyəri dəyişməz qalır.
Müxbir – Tahir Ağaməmmədov