“Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin iki müəllimi beynəlxalq uğur qazanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Liseyin biologiya müəllimi, BDU-nun Biofizika və biokimya kafedrasının doktorantı Leyla Qələndərli Qazaxıstanın Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetində “Ospanov Science Week” elm həftəsi çərçivəsində keçirilən gənc alimlərin “Elm: dünən, bu gün, sabah” adlı LXV beynəlxalq konfransında elmi məruzə ilə çıxış edərək I dərəcəli diploma layiq görülüb. Konfransda Leyla Qələndərli “Molekulyar qiymətləndirilməsi: qlitsirrizin B-DNT-ni hədəfləyən antitumor agent kimi” mövzusunda elmi-tədqiqat işini təqdim edib.
Liseyin rus dili və ədəbiyyatı müəllimi Sənay Hüseynli isə Beynəlxalq Təhsil Keyfiyyəti Şurasının (International Education Quality Council - IEQC) “Beynəlxalq müəllim sertifikatı”nı qazanıb. Bu nailiyyət müəllimin peşəkar inkişafı, pedaqoji bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də müasir təhsil yanaşmalarının mənimsənilməsi istiqamətində fəaliyyətinin nəticəsidir.