AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq: tələbələrlə görüş
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin təşkilatçılığı ilə “Cihaz” İstehsalat Birliyinin baş direktoru texnika üzrə fəlsəfə doktoru Fəlah Quliyevin tələbələrlə görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. “Müdafiə sənayesində mühəndis hazırlığının strateji əhəmiyyəti” mövzusuna həsr olunan görüşdə tədris məsələləri üzrə prorektor Sübhan Namazov universitetlə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlığın mühəndis kadrlarının hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tədrisin sənayenin tələblərinə uyğunlaşdırılmasının və tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Fəlah Quliyev müdafiə sənayesinin qlobal iqtisadi və siyasi proseslərdəki rolu, Azərbaycan istehsalı olan müdafiə sənayesi məhsullarına beynəlxalq maraq, istehsal proseslərinin təşkili və logistika məsələləri barədə məlumat verib. O, yüksəkixtisaslı mühəndis kadrlarının yerli məhsulların yaradılması, mövcud texnologiyaların təkmilləşdirilməsi və istehsal imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, mühəndislərin bilik və bacarıqlarını konkret texniki həllərə və faydalı məhsullara çevirməsi yerli sənayenin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Fəlah Quliyev tələbələrə öz ideyalarını inkişaf etdirməyi, istehsalatın real ehtiyaclarını öyrənməyi və həmin ehtiyaclara uyğun mühəndis həlləri hazırlamağı tövsiyə edib. O, ideyanın layihəyə, layihənin isə hazır məhsula çevrilməsi prosesinin mənimsənilməsinin gələcək mütəxəssislərin peşəkar hazırlığında mühüm yer tutduğunu bildirib, Nazirlər Kabinetinin qərarı ilə AzTU-da yaradılmış Xüsusi texnika və texnologiya fakültəsinin müdafiə sənayesi üçün mühəndis kadrlarının hazırlanmasındakı rolunu vurğulayıb.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb, müdafiə sənayesi, mühəndislik fəaliyyəti və gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb. Fakültənin dekanı Yadullah Babayev Fəlah Quliyevə fakültəyə göstərdiyi dəstəyə və tələbələrlə öz təcrübəsini bölüşdüyünə görə təşəkkür edib. Sonda AzTU rektoru adından Fəlah Quliyevə universitet-sənaye əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə xatirə plaketi təqdim olunub.