AQTA-da YAP-ın VIII Qurultayına həsr edilmiş görüş olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə AQTA-nın sədr müavini Əziz Şərifov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqinin ana xəttini təşkil edən əsas məqamlardan biri "Güclü dövlət – müasir idarəetmə" prinsipidir. O vurğulayıb ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından biri kimi çıxış edir. Sədr müavini bildirib ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional proseslərdə rolunun artması Azərbaycanın geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir.
YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxışında dövlətimizin başçısının həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarının qorunmasına, ölkənin davamlı inkişafına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili, YAP-ın nüfuzunun artırılması və partiya qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirakın əhəmiyyəti diqqətə çatdırılıb.