Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib
Paris, 29 oktyabr, AZƏRTAC
Fransada yeddi işçi və tələbə həmkarlar ittifaqı oktyabrın 31-də Parisdə keçirilməsi planlaşdırılan nümayişin marşrutu ilə bağlı polis prefekturasına qarşı məhkəməyə müraciət edib. Təşkilatlar qadağa qərarının mümkün qədər tez dərc olunmasını tələb edirlər ki, ona məhkəmədə etiraz etmək üçün vaxtları olsun.
AZƏRTAC xəbər verir ki, CGT, FO, FSU və “Solidaires” kimi həmkarlar ittifaqları, eləcə də “Fage”, “Union étudiante” və Unef tələbə təşkilatlarının bildirdiyinə görə, hakimiyyət onlara Bastiliya və Nasyon meydanları arasındakı marşrutun qismən qadağan ediləcəyini şifahi şəkildə bildirib. Bunun əvəzinə nümayişin Parisin kənarında, Porte de Bagnolet və Porte de Charenton arasında keçirilməsi təklif olunub.
İttifaqlar birgə bəyanatlarında polis prefekturasını qərarı son anda elan etməklə onların məhkəməyə müraciət imkanını məhdudlaşdırmağa çalışmaqda ittiham ediblər.
Oktyabrın 24-də də həmkarlar ittifaqlarına Parisin kənarında - Porte d’Italie və Porte de Vincennes arasında nümayiş etməyi son anda bildirmişdir ki, bu da müəyyən problemlər yaratmışdır. Təşkilatlar bu dəfə həmin vəziyyətin təkrarlanmasına yol verməmək niyyətindədirlər.