Deputat: Kənd təsərrüfatı işçilərinin əməyi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
Bakı, 30 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bu sahədə çalışan insanların əməyi və təşəbbüskarlığı ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycanda əldə olunan uğurlar ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin, xalqın birliyinin və ölkədə hökm sürən ictimai-siyasi sabitliyin nəticəsidir: “Hazırda kənd təsərrüfatının inkişafı, regionlarda quruculuq və bərpa işlərinin aparılması, aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aqrar sahəyə dair qanun layihəsi kənd təsərrüfatının inkişafına, fermerlərə dəstəyin gücləndirilməsinə, müasir texnologiyaların tətbiqinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.
“Taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahələrində müəyyən uğurlar əldə edilsə də, mövcud nəticələrlə kifayətlənmək olmaz. Qarşıda duran əsas vəzifələrdən biri görülən işlərin və dövlət dəstəyi tədbirlərinin fermerlərə daha geniş şəkildə çatdırılmasıdır”, - deyə komitə sədri əlavə edib.
O, aqrar sahədə sərgilərin, festivalların və fermerlərlə görüşlərin əhəmiyyətini xüsusi qeyd edib: “Belə tədbirlər istehsalçıların əməyinin qiymətləndirilməsinə, onların fəaliyyətinə marağın və inamın artmasına, məhsul istehsalının genişləndirilməsinə müsbət təsir göstərir”.