Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azad edilmiş ərazilərdə istixana təsərrüfatlarının sənaye üsulu ilə və vahid zonada yaradılması nəzərdə tutulur. Artıq bu məqsədlə ayrılması planlaşdırılan 230 hektar əraziyə sahibkarlar tərəfindən ciddi investisiya marağı göstərilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında təsdiqlənən 2026–2030-cu illər üçün kənd təsərrüfatı, akvakultura və balıqçılıq məhsullarının istehsalı və emalının inkişafına dair Dövlət Proqramı aqrar sahənin növbəti beş ildə yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaq: “Proqramın əsas məqsədi daha az resursla daha çox məhsul istehsalına nail olmaq, fermerlərin rifahını yüksəltmək, aqrar iqtisadiyyatın və məhsul istehsalının artımını təmin etməkdir. Bölgələrdə keçirilən müşavirələrdən sonra fermerlər və sahibkarlar tərəfindən müxtəlif istiqamətlər üzrə investisiya layihələri təqdim olunub. Hazırda həmin layihələrin reallaşdırılması istiqamətində planlaşdırma işləri aparılır. Xüsusilə heyvandarlıq, bağçılıq və istixana təsərrüfatlarına investisiya marağı yüksəkdir”.
O, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinə də diqqət çəkib: “2025-ci ilin sonlarında ölkədə müasir suvarma sistemləri ilə əhatə olunan sahələr təxminən 130 min hektar təşkil edirdisə, hazırda bu göstərici 150–155 min hektarı ötüb. Beləliklə, bir il ərzində müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilər 20–25 min hektar genişlənib.
Aqrar sahənin inkişafında elmi nailiyyətlərin, innovasiyaların və müasir yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Dövlət Proqramında aqrar təhsilə və elmə də geniş yer ayrılıb”.
Videooperator - Vüsal Taqiyev