Əli Əsədov: Birgə meqaenerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Siqnaxi, 30 oktyabr, AZƏRTAC
Gürcüstanla birgə həyata keçirdiyimiz meqaenerji layihələri – Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında deyib.
Baş nazirin sözlərinə görə, bu gün Azərbaycan təbii qazı artıq 16 ölkəyə ixrac olunur: “Elektroenergetika sahəsində əməkdaşlığımız uğurla inkişaf edir. İyul ayında Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəzadan sonra Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib. Belə ki, elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılıb və hazırda da bu səviyyədə davam etdirilir. Yaşıl energetika sahəsində əməkdaşlığımızın uğurlu nəticəsi olaraq bu gün ölkələrimiz Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıblar. Bu layihə də Avropanın enerji təhlükəsizliyi üçün mühüm faktor rolunu oynayacaq”.
Nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın ən vacib istiqamətlərindən biri olduğunu deyən Baş nazir bildirib ki, ölkələrimiz Orta Dəhlizin inkişafı naminə birgə səylərini davam etdirirlər: “Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması uğurlu işbirliyimizin bariz nümunəsidir”.
Əli Əsədov mədəni-humanitar sahənin hər zaman olduğu kimi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb: “Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına ümidvarıq. Ölkələrimizdə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərimizin inkişafında xüsusi rol oynayırlar. Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.