Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
“Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Beş fəsil 14 maddədən ibarət qanun layihəsinin əsas mahiyyəti ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsini sistemli şəkildə təmin etməkdən ibarətdir.
Sənədə əsasən, hüquqi yardım iki istiqamət – ilkin və peşəkar hüquqi yardım üzrə göstərilir. İlkin hüquqi yardıma normativ hüquqi aktlar, dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin vəzifələri barədə məlumatlandırma, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməyin göstərilməsi aiddir. Peşəkar hüquqi yardım cinayət işlərində, mülki və inzibati mübahisələrdə, habelə digər dövlət orqanlarında şəxsin müdafiə və təmsil olunma hüquqlarını əhatə edir.
Pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə edilir. Habelə, layihəyə əsasən, paraleqallar institutu yaradılır. Bununla yanaşı, sənəddə pro-bono hüquqi xidməti olaraq pulsuz hüquqi yardım göstərilən şəxslərə ictimai fayda naminə ödəniş tələb edilmədən vəkillər tərəfindən ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.
Fotoqraf - Aydın Məmmədov