“Təcrübəlilər öyrədir”: DİA-nın rektoru dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqindən danışıb
Bakı, 30 oktyabr, AZƏRTAC
“Təcrübəlilər öyrədir” layihəsi çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları ilə ilk görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar və onun tətbiqi: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda çıxış edib.
Bu barədə AZƏRTAC-a DİA-dan bildirilib. Akademik Urxan Ələkbərov çıxışında qeyd edib ki, Azərbaycanda dövlət idarəçiliyinin müasirləşdirilməsi, innovasiyaların tətbiqi və rəqəmsal inkişafın sürətləndirilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik strategiyasının mühüm istiqamətlərindəndir. Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildiyini vurğulayan akademik ölkədə həyata keçirilən institusional islahatların, rəqəmsallaşma təşəbbüslərinin və innovativ texnologiyaların tətbiqinin dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələrin vətəndaş cəmiyyətinin geniş inklüziv inkişafına, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Çıxış zamanı müasir texnologiyaların dövlət orqanlarının fəaliyyətində tətbiqi, məlumatlara əsaslanan qərar qəbuletmə, idarəetmə proseslərində çevikliyin təmin edilməsi və innovativ həllərin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsində rolu barədə məlumat verilib. Akademik dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında dəyişikliklərə uyğunlaşma qabiliyyətinin əhəmiyyətini vurğulayaraq, təqdimat zamanı Azərbaycanın bu göstərici üzrə dünyada 5-ci yerdə qərarlaşdığını qeyd edib. Eyni zamanda, dövlət idarəçiliyinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə dövlət idarəçiliyinin inkişafında elmi yanaşmaların, innovativ düşüncənin və praktiki təcrübənin qarşılıqlı əlaqəsinin əhəmiyyəti diqqətə çatdırılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, müasir idarəetmə modellərinin tətbiqi və texnoloji yeniliklərin yaratdığı imkanlar müzakirə edilib. Layihə çərçivəsində keçirilən görüşlər aktual mövzuların müzakirəsi, praktiki təcrübənin paylaşılması və iştirakçıların peşəkar biliklərinin zənginləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.