ADAU ilə Özbəkistan Universiteti arasında elmi əməkdaşlıq imkanları genişlənir
Gəncə, 30 oktyabr, AZƏRTAC
Özbəkistan Respublikasının Qarşı Dövlət Texniki Universitetinin 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fakültə dekanları, kafedra müdirləri, professorlar və elmi əməkdaşların daxil olduğu heyətin səfərində əsas məqsəd iki ali təhsil müəssisəsi arasında akademik və elmi əlaqələri genişləndirmək, birgə tədqiqat imkanlarını dəyərləndirmək və təcrübə mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində qonaqlar ADAU-nun fakültələri, tədris və elmi-tədqiqat laboratoriyaları, eləcə də müasir maddi-texniki bazası ilə tanış olublar. Onlara universitetdə tədris və tədqiqat işlərinin təşkili, laboratoriyaların imkanları və tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində ADAU-nun dekanları və kafedraların professor-müəllim heyəti ilə görüşlər olub. Görüşlərdə aqrar elmlər, mühəndislik, ekologiya, energetika və digər sahələrdə birgə elmi layihələrin hazırlanması, tədris və pedaqoji təcrübə mübadiləsinin aparılması məsələləri nəzərdən keçirilib.
Həmçinin hər iki universitetin nümayəndələrinin iştirakı ilə tələbə və müəllimlər üçün elmi-praktik seminarlar təşkil edilib. Seminarlarda prioritet elmi istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, müasir tədqiqat nəticələri iştirakçıların diqqətinə çatdırılıb.
Müzakirələrdə ali məktəblərin elmi potensialının birləşdirilməsinin, müştərək təşəbbüslərin dəstəklənməsinin və qarşılıqlı akademik səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səfər ADAU-nun Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi, birgə elmi fəaliyyətin təşviqi və universitetlərarası tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir - Elcan Məmmədov