Məcnun Məmmədov: Məhsuldarlığın artırılması və müasir suvarma texnologiyalarının tətbiqi əsas vəzifələrdəndir
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sektorun müasirləşdirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan, 2026-cı il mayın 25-də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir. Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.
Nazir vurğulayıb ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi zəruridir.