Azərbaycançılıq ideologiyası milli birliyin və dövlətçiliyimizin möhkəm təməlidir ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycançılıq ideologiyası müasir dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biridir. Bu ideologiya etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, bütün vətəndaşların vahid dövlətçilik ideyası ətrafında birləşməsini, milli maraqların qorunmasını və ümumi Vətənə bağlılığın gücləndirilməsini ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
O qeyd edib ki, müasir dünyada dərinləşən geosiyasi ziddiyyətlər, mədəni və dini ayrı-seçkilik meyilləri xalqlar arasında etimadın möhkəmləndirilməsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Azərbaycanın tarixi təcrübəsi, multikultural dəyərləri və milli həmrəyliyə əsaslanan dövlətçilik modeli xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər də ortaq gələcəyin qarşılıqlı hörmət, dialoq və dövlətlərin suverenliyinə ehtiram prinsipləri əsasında qurulmasının vacibliyini önə çıxarır.

“Azərbaycançılığın mahiyyəti milli kimliyi qorumaqla yanaşı, cəmiyyətin müxtəlifliyini ümumi inkişafın üstünlüyünə çevirməkdən ibarətdir. Azərbaycanın çoxəsrlik tarixi-mədəni irsi və müxtəlif dini icmaların birgəyaşayış ənənələri bu yanaşmanın ictimai əsaslarını təşkil edir. Azərbaycançılığın əhəmiyyəti yalnız milli-mənəvi dəyərlərin qorunması ilə məhdudlaşmır. Milli birlik dövlətin ideoloji təhlükəsizliyinin, ictimai sabitliyinin və müstəqil siyasət yürütmək imkanlarının əsas şərtlərindən biridir. Xaricdən yönələn təsir cəhdləri, ayrı-seçkilik çağırışları və cəmiyyətdə parçalanma yaratmaq təşəbbüsləri qarşısında milli həmrəyliyin qorunması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan vətəndaşların ortaq dövlətçilik ideyası ətrafında birləşməsi həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də milli maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycançılıq ideologiyası, milli həmrəylik və mədəniyyətlərarası dialoq bir-birini tamamlayan, cəmiyyətdə sabitliyin qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən istiqamətlərdir”, - deyə o əlavə edib.
Fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin fikrincə isə, azərbaycançılıq kimi neokonservativ bir ideologiya xalqımız üçün tarixi zərurətdən irəli gəlib.

O, AZƏRTAC-a açıqlamasında qeyd edib ki, dövlət müstəqilliyini yenidən bərpa etmiş respublikamızda ilk dövrlərdə heç də yerinə düşməyən siyasi kurs və ideoloji anarxiya müstəqilliyimizin inkişafına müsbət töhfə verə bilmirdi. Əksinə, erməni təcavüzkarlığı günü-gündən artır, ərazilərimiz işğal edilir, milli birlik əvəzinə müxtəlif parçalanmalar meydana çıxırdı.
“Azərbaycan dövlətinin 30 ildən artıq müddətdə məruz qaldığı haqsızlıq və ədalətsizlikdən sonra öz gücü ilə ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etməsi müasir dünyada, çox təəssüf ki, hələ də beynəlxalq hüquqa lazımi əhəmiyyət verilmədiyi bir şəraitdə olduqca möhtəşəm və cəsarətli addımdır. Biz təkcə öz gücümüzü və qüdrətimizi nümayiş etdirməmiş, eyni zamanda, beynəlxalq ədalətin hansı meyarlar əsasında qurulmalı olduğuna böyük töhfə vermişik.
Özünəməxsus multikultural modelə malik, multikultural dəyərlərin qorunduğu bir dövlət kimi Azərbaycan artıq uzun illərdir beynəlxalq miqyasda da mədəniyyətlərarası dialoq strategiyasına sadiqliyini nümayiş etdirir. Dövlət başçısının bu istiqamətdə atdığı əməli addımlar mühüm göstəricilər kimi beynəlxalq müstəviyə də sirayət edir”, - deyə o əlavə edib.