MEK-də Xaqani Şirvani irsinə dair elmi seminar təşkil edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslanın “Xaqani Şirvaninin yaradıcılığında elm, mütaliə və kitab mədəniyyəti” mövzusunda elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib.
Tədbiri açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb. Direktor bu münasibətlə AMEA-da müxtəlif mövzularda tədbirlərin təşkil olunduğunu bildirərək, MEK-də keçirilən seminarın şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. MEK rəhbəri, həmçinin ötən aylarda Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş virtual və ənənəvi sərgilərin kitabxana istifadəçilərinə təqdim edildiyini nəzərə çatdırıb.
Daha sonra məruzə ilə çıxış edən Knyaz Aslan orta əsrlər Azərbaycanında kitab mədəniyyəti tarixinin öyrənilməsində əlyazma kitabların, kitabxanaların və kitab köçürmə mərkəzlərinin fəaliyyətinin araşdırılması ilə yanaşı, dövrün şair, alim və mütəfəkkirlərinin kitab, bilik, mütaliə və yazılı söz haqqında düşüncələrinin də mühüm mənbə olduğunu bildirib. O, Xaqani Şirvaninin irsinin tədqiqinin Azərbaycanın tarixi, kitab və elm mühitini, eləcə də biliklərin əldə edilməsi, mənimsənilməsi və gələcək nəsillərə ötürülməsi kimi ümumbəşəri dəyərlərin köklərini daha dərindən anlamağa imkan verdiyini vurğulayıb.
Qeyd olunub ki, şairin 1156-cı ildə qələmə aldığı “Töhfətül-İraqeyn” əsərində rəqəmlər və poetik ifadələr vasitəsilə dünyanın quruluşu, insanın idrak imkanları və varlığın əsasları ilə bağlı təsəvvürlərə toxunulur. Məruzəçi Xaqani irsinin kitabşünaslıq baxımından əhəmiyyətinə də toxunub. O, şairin əsərlərinin əlyazma nüsxələrinin aşkara çıxarılması və təsvir edilməsi, mətn variantlarının müqayisəli araşdırılması, elmi-tənqidi nəşrlərin hazırlanması, tərcümələrin tutuşdurulması, nəşr tarixinin öyrənilməsi və biblioqrafik məlumatların sistemləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana xidməti üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva, elmi katib Şəbnəm Rüstəmova və digər iştirakçılar şairin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.