Tarixi nəticəyə imza atan cüdoçu: İstəyirəm uğurum digər qızlarımıza da motivasiya olsun - MÜSAHİBƏ
Bakı, 30 oktyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanaraq tarixi nəticəyə imza atan Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kiloqram) AZƏRTAC-ın suallarını cavablandırıb.
- “Böyük Dəbilqə” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Təəssüratlarınız necədir?
- Çox sevincliyəm və bu hissləri sözlə ifadə etmək çətindir. “Böyük Dəbilqə” turnirində qızıl medal qazanmaq mənim üçün çox böyük uğurdur. Bu, böyüklər arasında Dünya Cüdo Turunda qazandığım ilk qızıl medaldır. Əziyyətimin, məşqlərimin və çəkdiyim zəhmətin bəhrəsini görmək məni xoşbəxt edir. Ümid edirəm ki, bu uğurun davamını növbəti yarışlarda da gətirəcəyəm.
- Yarışa hansı hədəflə yollanmışdınız? Çempion olacağınızı gözləyirdiniz?
- Yarışda əsas məqsədim yaxşı nəticə göstərmək və ölkəmizi layiqincə təmsil etmək idi. Hər bir yarışa qələbə qazanmaq və ən yüksək nəticəyə nail olmaq arzusu ilə çıxıram. Təbii ki, çempion olmaq istəyirdim, amma bunun üçün hər görüşdə maksimum gücümü ortaya qoymalı idim. Özümə inanırdım və sona qədər mübarizə apardım. Şükürlər olsun ki, istəyimə çatdım.
- Final görüşündə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşdınız. Həlledici görüş necə keçdi?
- Final görüşü mənim üçün çox vacib idi. Tatamiyə çıxanda əsas məqsədim bütün gücümü ortaya qoymaq, düzgün taktika ilə mübarizə aparmaq və qələbə qazanmaq idi. Rəqibim də güclü idmançı idi. Görüş zamanı diqqətimi sona qədər qorumağa və məşqçimin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Sonda qızıl medalı qazanmaq çox gözəl hissdir. Bu qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır.
- “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bu, mənim üçün çox böyük qürur və məsuliyyətdir. Azərbaycan cüdo tarixində belə bir uğura imza atmaq, adımı tarixə yazdırmaq mənim üçün unudulmaz hissdir. İlk olmaq həmişə xüsusi məna daşıyır. İstəyirəm ki, bu uğurum digər qızlarımıza da motivasiya olsun və onlar da cüdoya maraq göstərərək böyük hədəflərə doğru addımlasınlar. Ümidvaram ki, bu, daha böyük uğurların başlanğıcı olar.
- Sizin də vurğuladığınız kimi, bu böyüklər arasında Dünya Cüdo Turunda ilk qızıl medalınızdır. Bu uğurdan sonra qarşınıza hansı hədəfləri qoymusunuz?
- Bu qızıl medal mənə daha çox motivasiya və inam verdi. Qarşıda məni daha böyük yarışlar və hədəflər gözləyir. Əsas məqsədim daim üzərimdə çalışmaq, nəticələrimi yaxşılaşdırmaq, beynəlxalq yarışlarda Azərbaycan Bayrağını yüksəklərə qaldırmaqdır. Əlbəttə, ən böyük arzularımdan biri dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etməkdir. İnşallah, daha böyük nailiyyətlər qazanaraq xalqımızı sevindirəcəyəm.