Hekayəsi Zəfər: ADPU-da qazi tələbələrlə görüş təşkil olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Tələbə Gənclər Təşkilatının (TGT) Fizika, Tarix və Coğrafiya fakültə təşkilatlarının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Hekayəsi Zəfər: Qazi tələbələrimizlə görüş” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbirdə çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin direktoru Tahir Süleymanov çıxışında Zəfər Gününün xalqımızın tarixindəki əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edib. O, bu tarixi Qələbənin gənc nəsil tərəfindən dərindən öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, qazilərlə keçirilən belə görüşlər tələbələrin Vətən müharibəsinin canlı şahidləri ilə ünsiyyət qurması, qəhrəmanlıq nümunələrini yaxından tanıması və milli-mənəvi dəyərlərə bağlılığının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Elmira Babayeva çıxışında layihənin əsas məqsədinin tələbələri Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış etmək, qazilərin döyüş yolunu və şəxsi təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaq olduğunu qeyd edib. O, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında bu cür təşəbbüslərin rolunu vurğulayaraq, Vətən uğrunda mübarizə aparmış tələbə-qazilərin həyat və mübarizə yolunun gənclər üçün örnək olduğunu bildirib.
Görüşün qonaqları – Tarix və Coğrafiya fakültəsinin V kurs tələbəsi, qazi Elşad Kərimov və Məktəbəqədər təhsil fakültəsinin IV kurs tələbəsi, qazi Bəbir Qasımov döyüş xatirələrini, cəbhədə yaşadıqları çətinlikləri, döyüş yoldaşları ilə bağlı xatirələrini və Vətən uğrunda mübarizədə qazandıqları təcrübələri iştirakçılarla bölüşüblər. Onlar, həmçinin müharibədən sonra təhsillərini davam etdirmələri, tələbəlik həyatı və gələcək planları haqqında danışıblar.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.