Qərbi Azərbaycanda tarixi abidələrimiz - İrəvan qalası
Bakı, 30 oktyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayıl vəziri Rəvanqulu xana Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerləşdiyi ərazidə qala tikmək göstərişi verir. Yeddi il davam edən tikinti işləri başa çatdıqdan sonra qala Rəvanqulu xanın adı ilə “Rəvan qalası” adlandırılır. Sonralar bu qala İrəvan qalası kimi tanınır.
İstər Çuxur-Səəd bəylərbəyliyi, istərsə də Səfəvilərin, Əfşarların və Qacarların hakimiyyəti dövründə İrəvan qalası İrəvan hakimlərinin iqamətgahı olub. İrəvan qalası, eyni zamanda, yüzillər boyu Osmanlılarla Səfəvilər arasında müharibə meydanı olub və mənbələrin təsdiqinə görə XVI-XVIII əsrlərdə 14 dəfə əldən-ələ keçib. Məsələn, 1514-cü ildə Çaldıran döyüşündən sonra qala türklərin əlinə keçmiş, 1521-ci ildə Şah İsmayıl onu geri almışdır.
1583-cü ildə Sulan III Murad xanın dövründə Osmanlı paşası Fərhad paşa İrəvan qalasını ələ keçirdikddən sonra qala divarlarını yenidən tikdirib.
Fransız səyyahı Jan Şardən 1673-cü ildə gördüyü İrəvan qalasını belə təsvir edib: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar… Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir… Qalanın şimal tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam yerləşə bilər. Onun adı Keçi qalasıdır”.
1679-cu ildə İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini, o cümlədən qala divarlarının bəzi hissələrini uçurub, lakin Naxçıvan, Gəncə, Qarabağ, Təbriz, Maku bəylərbəyliklərinin köməyi ilə qala divarları qısa vaxtda bərpa edilib. 1804-cü ildə rus qoşunlarının komandanı general Pavel Sisianov, 1808-ci ildə general-feldmarşal İvan Qudoviç, 1826-cı ildə general Yermolov İrəvan üzərinə hücum etsələr də, onu işğal edə bilmirlər. Nəhayət, 1827-ci il oktyabrın 1-də general Paskeviçin komandanlığı ilə və erməni xəyanəti nəticəsində rus qoşunları İrəvan qalasını işğal edə bilir və buna görə çardan Paskeviç-İrəvanski titulunu alır.
Eni 790 metr, uzunluğu 850 metr olan qalanın divarları daşdan və çiy kərpicdən hörülmüşdü. Onlar elə qalın idilər ki, hətta top mərmisinə davam gətirirdilər. Qalanın bayır divarının hündürlüyü 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar birincidən də hündür idi və onların arasında təxminən 50-60 metr məsafə vardı. İçqaladan təxminən 1 km məsafədə Keçiqala adlı ikinci – köməkçi qala yerləşirdi. Ümumiyyətlə, İrəvan qalasının üst-üstə 50-60 bürcü, 3 möhkəm qapısı olmuşdur: 1) cənubda Təbriz qapısı; 2) şimalda Meydan qapısı, 3) Körpü qapısı.
1827-ci il oktyabrın 1-də qala ruslar tərəfindən işğal edilənə qədər burada ancaq Azərbaycan türkləri yaşayıblar.