Beynəlxalq təhlükəsizlik sisteminin etibarlılığı qəbul edilmiş qərarların icrasına verilən təminatla ölçülür - ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınsa da, torpaqları işğal altında qaldı. Otuz ilə yaxın davam edən bu ziddiyyət göstərdi ki, təcavüzü dayandırmaq üçün qəbul edilmiş qərarın arxasında onu həyata keçirəcək siyasi iradə dayanmalıdır. Hüququn tanınması ilə onun real müdafiəsi arasındakı ayrılıq BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflətdi və kollektiv təhlükəsizliyə etimadı sarsıtdı. Çünki, beynəlxalq təhlükəsizlik sisteminin etibarlılığı qəbul edilmiş qərarların icrasına verilən təminatla ölçülür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov söyləyib.
O bildirib ki, 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyir, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılmasını tələb edirdi. BMT Nizamnaməsi beynəlxalq sülhün qorunması üçün məcburedici tədbirlər tətbiq etməyə imkan verir. Deməli, əsas çatışmazlıq mövcud səlahiyyətlərin işğalın dayandırılmasına yönəldilməsində idi. Təhlükəsizlik Şurasında hüquqi mövqe ətrafında razılıq əldə edilməsi onun icrası üçün davamlı siyasi iradəyə avtomatik çevrilməmişdi.
“İşğala görə Ermənistana BMT sanksiyalarının tətbiq edilməməsi həmin uyğunsuzluğun konkret göstəricisidir. Cəzasızlıq şəraitində təcavüzkar mövcud vəziyyəti saxlamağın siyasi xərcini aşağı qiymətləndirir, danışıqların uzanmasından öz xeyrinə istifadə edə bilir. Qərarların icrasının təmin edilməməsi belə şəraitdə işğalın uzanmasına xidmət edir. İkili standartların təhlükəsi də buradadır: hüququn müdafiəsinə seçici münasibət həm zərərçəkmiş dövlətin etimadını sarsıdır, həm də yeni təcavüzlərin qarşısının alınmasını çətinləşdirir.
Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” görüşündə BMT Baş katibi Antonio Quterreşin də iştirak etdiyi tədbirdə eyni problemi qaldırması təşkilatın rəhbərliyinə birbaşa siyasi mesaj idi. Bu mesaj qiymətləndirilərkən səlahiyyət bölgüsü nəzərə alınmalıdır. Məcburedici tədbirlər barədə qərar qəbul etmək səlahiyyəti Təhlükəsizlik Şurasına məxsusdur. Baş katibin qarşısında səsləndirilən irad bütövlükdə BMT sisteminin və ilk növbədə, Şura üzvlərinin qəbul etdikləri qərarların həyata keçirilməsi üçün siyasi məsuliyyət daşıması tələbi kimi qiymətləndirilməlidir”, - deyə R.Muradov vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu təcrübə göstərdi ki, beynəlxalq təminatlar işləmədikdə dövlət öz qanuni hüquqlarını qorumaq üçün milli güc imkanlarına arxalanmalı olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi mövqe, müdafiə qabiliyyəti və diplomatik fəaliyyət bir məqsədə yönəldildi. Azərbaycanın sülh təşəbbüsü isə əldə olunan nəticənin uzunmüddətli regional sabitliyə çevrilməsinə xidmət edir.