“Bitcoin”in qiyməti 78 min dollara enib
Bakı, 30 oktyabr, AZƏRTAC
“Bitcoin”in qiyməti 78 min dollara düşüb.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance” platformasında mümkün təhlükəsizlik pozuntusu ilə bağlı narahatlıqlar rəqəmsal aktivlər bazarında qiymətlərin azalmasına səbəb olub. Nəticədə “Bitcoin”in qiyməti 78 min dollar həddinə düşüb. Hazırda qiymət 78 min 400 dollar civarındadır.
Şübhəli insidentlə əlaqəli vəsaitlərin hərəkətinin qarşısını almaq məqsədilə “Circle” və “Tether” də daxil olmaqla bir sıra kriptovalyuta şirkətləri tədbirlər görüb. İki şirkət ümumilikdə 2,54 milyard dollar dəyərində aktivləri dondurub. “Circle” 800 milyon dollardan çox USDC, “Tether” isə 1,5 milyard dollardan artıq USDT vəsaitini blokladığını açıqlayıb. “Ripple” da təxminən 200 milyon dollar məbləğində vəsaitin köçürülməsinin qarşısının alınmasına yardım edib.
Blokçeyn əməliyyatlarını təhlil edən “Arkham Intelligence” şirkəti insidentlə əlaqəli ola biləcəyi ehtimal edilən 55 kriptovalyuta pul kisəsi ünvanında təxminən 6 milyard dollar dəyərində rəqəmsal aktiv aşkarlayıb. Bu məbləğ dondurulmuş vəsaitlərin həcmini üstələyir və təhlükəsizlik pozuntusunun daha geniş miqyaslı ola biləcəyini göstərir.
“Binance” mümkün kiberhücum faktını təsdiqləməyib. Şirkət məsələ ilə bağlı araşdırma aparıldığını və istifadəçilərin aktivlərinin təhlükəsizliyinin təmin edildiyini bildirib. Platformanın təsisçisi Çanpen Çjao da investorları sakitləşdirməyə çalışaraq hadisənin kiberhücuma bənzədiyini qeyd edib.
Son hadisələr son illərdə bir sıra irimiqyaslı kiberhücumlarla üzləşən kriptovalyuta sektorunda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Belə ki, 2025-ci ildə “Bybit” kriptovalyuta birjasına təxminən 1,5 milyard dollar dəyərində aktivin ələ keçirilməsi ilə nəticələnən hücum həyata keçirilib. Daha yaxın dövrdə isə “Bitget” platformasından 350 milyon dollardan çox rəqəmsal aktivin oğurlandığı bildirilir.