Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.
Elvin Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub.
“Sərnişinlərin həyatı üçün hər an təhlükə yarada biləcək hadisənin qarşısı vaxtında alınsa da, BDYPİ bir daha sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək, onları bu sahədə daha kəsərli tədbirlər görməyə, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirlərini gücləndirməyə çağırır”,- deyə məlumatda vurğulanıb.