® Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Əməkdaşlıq piylənmə üzrə ixtisaslaşmış klinikaların yaradılmasını, fərdi müalicə planlarını və davamlı tibbi dəstəyi nəzərdə tutur
Novo Azərbaycan piylənmə üzrə ixtisaslaşmış klinikaların yaradılması və fəaliyyətinin təşkili məqsədilə “Citomed Cliniс”, “Inci Clinic”, “Esthederm”, “Istanbul NS”, “Kepro esthetic”, “Medical city”, “Renessans”, “Sapfir Esthetics”, “Zahra Clinic” və “Zefer Clinic” ilə strateji əməkdaşlığa başlayır. Təşəbbüs artıq çəki və piylənmə ilə yaşayan insanların ehtiyaclarına uyğun, müxtəlif ixtisaslı mütəxəssislərin birgə iştirakına əsaslanan tibbi xidmət modelinin qurulmasına yönəlib.
Əməkdaşlıq qeyri-kommersiya xarakteri daşıyır və piylənmə ilə bağlı maarifləndirmənin gücləndirilməsinə, eləcə də bu xəstəliyin idarə olunmasına kompleks tibbi yanaşmanın təşviqinə yönəlib. Əməkdaşlıq çərçivəsində tərəfdaş klinikalarda piylənmə, onun sağlamlığa təsirləri və uzunmüddətli idarə olunması barədə məlumatlılığın artırılması məqsədilə pasiyentlər üçün maarifləndirici tədbirlərin və məlumatlandırma günlərinin təşkili nəzərdə tutulur.
Piylənmə müalicə və uzunmüddətli nəzarət tələb edən xroniki xəstəlikdir. Əməkdaşlıq çərçivəsində endokrinoloqların, kardioloqların, terapevtlərin, dietoloqların və nutrisioloqların iştirakı ilə pasiyentlər üçün fərdi müalicə planlarının hazırlanması nəzərdə tutulur. Məqsəd sağlamlıq vəziyyətini kompleks qiymətləndirmək, pasiyentlərə müalicə boyunca ardıcıl tibbi dəstək göstərmək və onların maariflənməsini təmin etməkdir.
Yeni yanaşmaya “3–6–9 aylıq” müalicə paketləri də daxildir. Bu paketlər çərçivəsində həkimin klinik qiymətləndirməsi əsasında piylənmənin müalicəsi üçün təsdiqlənmiş dərman vasitələrinin fərdi müalicə planına daxil edilməsi nəzərdə tutulur. Müalicə seçimi hər pasiyentin sağlamlıq vəziyyətinə və tibbi ehtiyaclarına uyğun müəyyənləşdiriləcək.
Novo Azərbaycan həkimlər və klinika əməkdaşları üçün tibbi mövzular və müvafiq preparatlar üzrə təlimlər keçirəcək. Təlimlər piylənmənin idarə olunması üzrə biliklərin artırılmasına və klinikalarda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Əməkdaşlıq sözü gedən klinikalarda pasiyentlər üçün maarifləndirmə günlərinin təşkilini və klinikalarda bədən analizatoru cihazlarından istifadəni də əhatə edir. Bədən kütlə indeksi 25 kq/m²-dən yüksək olan yetkin şəxslərin əlavə tibbi qiymətləndirmə üçün ixtisaslaşmış həkimlərə yönləndirilməsi planlaşdırılır. Bu yönləndirmə fərdi müalicə ehtiyacının həkim tərəfindən qiymətləndirilməsinə imkan yaradacaq.
Təşəbbüs Novo Nordiskin 2026-cı ildə Azərbaycanda piylənmə sahəsində həyata keçirdiyi fəaliyyətləri davam etdirir. Şirkət may ayında Referans Medical Group ilə ixtisaslaşmış piylənmə mərkəzlərinin yaradılmasına yönələn əməkdaşlığı elan edib. İyun ayında isə Bakıda “Live Lighter – Az Çəki, Çox Həyat” kampaniyasını təqdim edib.
Yeni tərəfdaşlıqlarla Novo Azərbaycan və klinikalar piylənmənin idarə olunmasında peşəkar tibbi dəstək imkanlarını genişləndirməyi və pasiyentlərin uzunmüddətli sağlamlığına töhfə verməyi hədəfləyir.
Novo haqqında
Novo 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.
Şirkət təxminən 68 min 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını 170-ə yaxın ölkədə təqdim edir.
Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.