Deputat: Azərbaycan İslam dünyasında humanitar əməkdaşlığın genişlənməsinə töhfə verir
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa, Qərb təsisatları ilə yanaşı, Şərq aləmi, İslam dünyası, bu coğrafiyanı əhatə edən beynəlxalq təşkilatlarla əməkdaşlıq da xüsusi yer alır. Müstəqilliyin ilk illərinə təsadüf edən bu əlaqələr və qarşılıqlı-faydalı əməkdaşlıq günümüzdə daha da inkişaf edir, İslam coğrafiyasında sülhə, sabitliyə, birlik və bərabərliyə fayda verən imkanlar yaradır. Təsadüfi deyil ki, Azərbaycanın yüksək səviyyəli əlaqələr qurduğu beynəlxalq təşkilatlar sırasında müsəlman dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) xüsusi yer tutur. Azərbaycan təşkilat çərçivəsində fəaliyyəti ilə müsəlman dövlətləri arasında əməkdaşlığın inkişafına, beynəlxalq məsələlər üzrə dialoqun gücləndirilməsinə, sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
O qeyd edib ki, Bakı ilə həm İƏT, həm də ICESCO arasında əlaqələr təkcə özündə dini bağlılığı əks etdirmir. Tərəflər arasında qurulan münasibətlər konkret əməkdaşlıq layihələri, ortaq təşəbbüslər və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət vasitəsilə inkişaf etdirilir. Bu günlərdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz sözügedən əməkdaşlığın ərsəyə gətirdiyi uğurlu layihələrdən biri idi.

ICESCO Azərbaycan əməkdaşlığı
“Azərbaycanın ICESCO ilə əməkdaşlığı iki əsas istiqamətdə əhəmiyyət daşıyır. Bu əməkdaşlıq bir tərəfdən ölkəmizin zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına imkan yaradır, digər tərəfdən isə İslam dünyasının müxtəlif ölkələrində təhsil və humanitar təşəbbüslərin dəstəklənməsinə töhfə verir. Eyni ilə İslam Əməkdaşlıq Təşkilatı ilə parallel istiqamətdə iş aparılır və Bakı ilə İƏT arasında qurulan qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində Azərbaycan İslam dünyasında birlik və bərabərliyə xidmət edən bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirib. Bunlar sırasında 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın sözügedən təşkilatlarla əlaqələrinin əsas məqsədlərindən biri müsəlman ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi, ortaq problemlərin həlli üçün birgə fəaliyyətin təşviqi və beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edilməsidir”, - deyə deputat bildirib.
Azərbaycan İslam dünyasında humanitar əməkdaşlığın genişlənməsinə töhfə verir
Nəsib Məhəməliyev vurğulayıb ki, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşlərdə səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb edir. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, növbəti il də Azərbaycan İslam coğrafiyasının diqqət mərkəzində olacaq. Bu, gələn il həm İƏT-in Zirvə Konfransına Bakının ev sahibliyi edəcəyi, həm də təşkilata sədrliyin Azərbaycan tərəfindən həyata keçiriləcəyi ilə bağlıdır.
“Heydər Əliyev Fondunun Azərbaycanın İslam dünyasında humanitar əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələri də xüsusi qeyd etmək lazımdır. Fondun təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə sahələrində həyata keçirdiyi layihələr ölkəmizin beynəlxalq humanitar əməkdaşlıq imkanlarını genişləndirir. Bu istiqamətdə Fondun vitse-prezidenti Leyla Əliyevanın beynəlxalq layihələrdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsləri və ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr təhsil imkanlarının genişləndirilməsinə, həssas əhali qruplarının dəstəklənməsinə və mədəni irsin qorunmasına xidmət edir”, - deyə N.Məhəməliyev əlavə edib.