Pensərçayın sahilində torpaq sürüşməsi: bəndin 20 metrlik hissəsi çaya uçub
Astara, 30 oktyabr, AZƏRTAC
Astarada Pensərçayın sahilində baş verən torpaq sürüşməsi nəticəsində 16 ədəd istinad divarı uçub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Vaqo kəndi ərazisində, Pensərçayın sol sahilində qeydə alınıb. 1988-ci ildə inşa edilən sahilbərkitmə bəndi rayonda yağan aramsız yağışlar səbəbindən çayda suyun səviyyəsinin və axın sürətinin kəskin artması nəticəsində yuyulub. Nəticədə 16 dəmir-beton blokdan ibarət, ümumilikdə, 20 metr uzunluğunda torpaq qatı və istinad divarı uçaraq çay yatağına aşıb.
Əraziyə dərhal Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və xüsusi texnikası cəlb olunub. Hazırda vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Müxbir- İlkin Adıyev