Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır
Bakı, 30 oktyabr, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Penoplex Prikavkazye” tərəfindən istehsal olunan istilik izolyasiya lövhələrinin 60 faizi daxili bazara, 40 faizi isə ixraca yönəldilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, müəssisənin investisiya dəyəri 18,4 milyon manat, illik istehsal gücü isə təxminən 300 min kubmetrdir.
Hacıqabul Sənaye Parkının 6,7 hektar ərazisində yerləşən müəssisə istilik izolyasiyasında istifadə olunan XPS tipli ekstruziyalı köpük polistirol lövhələr istehsal edir.
İki santimetrdən on santimetrədək müxtəlif qalınlıqlarda istehsal olunan bu materiallar binaların damları, fasadları və təməllərinin izolyasiyasında tətbiq edilir.