Mərkəzi Asiya və Azərbaycan arasında yeni siyasi mühit: Daşkənddə diplomatik dialoq
Astana, 30 oktyabr, AZƏRTAC
Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutunda “Mərkəzi Asiya və Azərbaycan: etimad və əməkdaşlığa əsaslanan yeni siyasi mühit” mövzusunda ekspert-diplomatik dialoq keçirilib.
AZƏRTAC Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) istinadla xəbər verir ki, görüş iştirakçıları siyasi dialoqun möhkəmləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov bildirib ki, 2016-cı ildən regionda formalaşan yeni siyasi mühit qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin bərpasına şərait yaradıb. Onun sözlərinə görə, əməkdaşlığın bundan sonra da inkişafı iqtisadi əlaqələrin gücləndirilməsini, birgə layihələrin həyata keçirilməsini və regional qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini tələb edir.
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə altıtərəfli əməkdaşlıq formatının əhəmiyyətini vurğulayıb. Diplomat beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına, liman infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasına, sənaye kooperasiyasının genişləndirilməsinə və birgə investisiya layihələrinə xüsusi diqqət yetirib. O, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyatı da əməkdaşlığın perspektivli istiqamətləri kimi qeyd edib.