Azərbaycanın İslam dünyasındakı fəaliyyəti: Cəmiyyətlər və xalqlar arasında humanitar əlaqələr qurulur - ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Son günlər Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın İslam dünyası ilə münasibətlərinin yalnız diplomatik təmaslar və təşkilati üzvlük çərçivəsində məhdudlaşmadığını, daha geniş siyasi, humanitar və mədəni məzmun daşıdığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşləri 2027-ci ildə Azərbaycanın İƏT-in Zirvə Konfransına ev sahibliyi etməsi və təşkilata sədrliyə hazırlaşması fonunda xüsusi siyasi əhəmiyyət kəsb edir. Bu təmasları vahid siyasi mənzərənin iki mühüm istiqaməti kimi qiymətləndirmək olar: İƏT çərçivəsində üzv dövlətlər arasında siyasi həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, ICESCO ilə isə təhsil, elm, mədəniyyət və tarixi irsin qorunması sahələrində konkret layihələrin genişləndirilməsi. Başqa sözlə, Azərbaycanın İslam dünyasındakı fəaliyyəti həm dövlətlərarası münasibətlər, həm də cəmiyyətlər və xalqlar arasında humanitar əlaqələr üzərində qurulur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, İslam ölkələri ilə münasibətlər ölkənin tarixi-mədəni kimliyinin, xarici siyasətinin və beynəlxalq əməkdaşlıq gündəliyinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, Azərbaycanın dövlətçilik modeli dünyəvilik, dini etiqad azadlığı və müxtəlif konfessiyaların birgəyaşayışı prinsiplərinə əsaslanır. Bu xüsusiyyət ölkənin İslam dünyası ilə əlaqələrini digər sivilizasiyalarla dialoqdan ayırmır, əksinə həmin əlaqələrə daha geniş beynəlxalq məzmun verir. Ölkəmiz İƏT-in siyasi, iqtisadi, humanitar və idman platformalarında fəal iştirak edir. 2006-cı ildə Bakıda İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının keçirilməsi, 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbərlər Şurasının toplantısına ev sahibliyi, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və həmin il IV İslam Həmrəyliyi Oyunlarının təşkili bu əməkdaşlığın mühüm nümunələridir.
“Oktyabrın 28-də Leyla Əliyevanın ICESCO-nun Baş direktoru ilə görüşü və Heydər Əliyev Fondu ilə ICESCO arasında yeni əməkdaşlıq sazişinin imzalanması birgə fəaliyyətin davamlı xarakter daşıdığını göstərir. Saziş mədəniyyət, elm, təhsil və müasir texnologiyalar sahələrində birgə layihələri, Natəvan Mədəni İrs Mükafatının növbəti təqdimatını, “Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh” regional layihəsini, eləcə də İslam dünyasında süni intellekt indeksinin davam etdirilməsini nəzərdə tutur. Layihənin Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə etməsi Azərbaycanın humanitar əməkdaşlığının coğrafiyasının genişliyini göstərir. Bu fəaliyyətin siyasi və mənəvi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan İslam həmrəyliyini yalnız ortaq bəyanatlar və rəmzi tədbirlərlə məhdudlaşdırmır. Təhsil imkanlarının artırılması, qızların sosial müdafiəsi, mədəni irsin qorunması və gənclərin inkişafı kimi sahələrdə həyata keçirilən layihələr həmrəylik anlayışını gündəlik həyatda hiss olunan nəticələrə çevirməyə xidmət edir”, - deyə Y.Hacızadə əlavə edib.