Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın Niderlandla qurduğu müsbət siyasi dialoq ölkəmizin Avropa İttifaqına üzv dövlətlərlə münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Niderland Avropa İttifaqının qurucu üzvlərindən biri olmaqla, təşkilat daxilində siyasi və iqtisadi baxımdan xüsusi mövqeyə malikdir. Bu ölkə ilə qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı Azərbaycanın Avropa məkanında mövqelərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Dialoq və inkişaf naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib.
O qeyd edib ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş Avropa kontekstində də qiymətləndirilməlidir. Niderlandın Aİ daxilindəki siyasi çəkisi və iqtisadi imkanları bu ölkə ilə aparılan dialoqun digər üzv dövlətlərlə əlaqələrin inkişafına da müsbət təsir göstərməsi üçün əlverişli zəmin yaradır.
“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində əsas prioritetlərdən biri qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Niderlandla siyasi dialoqun inkişafı ölkəmizin mövqeyinin Avropa institutlarında daha dolğun şəkildə təqdim olunmasına, qarşılıqlı anlaşmanın güclənməsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yarada bilər”, – deyə Ç.Bayramov vurğulayıb.
İctimai Birliyin sədri bildirib ki, Niderlandın Avropa İttifaqının siyasi və iqtisadi qərarlarının formalaşmasında iştirakını nəzərə alsaq, bu ölkə ilə konstruktiv münasibətlər Azərbaycanın Avropa institutları ilə dialoqunun genişlənməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə iqtisadi əməkdaşlıq, ticarət, investisiya, logistika, enerji təhlükəsizliyi və innovasiyalar sahələrində əlaqələrin inkişafı tərəfdaşlığın praktiki nəticələrini artıra bilər.
Ç.Bayramovun sözlərinə görə, Azərbaycan haqqında Avropada obyektiv və dolğun təsəvvürün formalaşması üçün siyasi dialoqla yanaşı, ictimai diplomatiyanın, mədəni və humanitar əlaqələrin də genişləndirilməsi vacibdir. Bu istiqamətdə vətəndaş cəmiyyəti institutları, ekspert dairələri, akademik mühit və media arasında təmasların artırılması qarşılıqlı məlumatlılığın güclənməsinə xidmət edə bilər.
O əlavə edib ki, Azərbaycan öz xarici siyasətində bütün tərəfdaşlarla qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə ehtiram, eləcə də bərabərhüquqlu əməkdaşlıq prinsiplərini əsas götürür. Niderlandla münasibətlərin də məhz bu prinsiplər əsasında inkişaf etdirilməsi Avropa İttifaqının digər üzv dövlətləri ilə əlaqələrin dərinləşməsi üçün müsbət nümunə ola bilər.
“Əsas məsələ ayrı-ayrı ölkələrlə qurulan siyasi dialoqu konkret əməkdaşlıq layihələri və qarşılıqlı faydalı təşəbbüslərlə möhkəmləndirməkdir. Azərbaycan-Niderland münasibətlərinin inkişafı bu baxımdan həm ikitərəfli əlaqələrə, həm də ölkəmizin Avropa İttifaqı ilə daha geniş siyasi və iqtisadi əməkdaşlığına töhfə verə bilər”, – deyə Ç.Bayramov vurğulayıb.