Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Millətin əbədi mənəviyyat məbədi” mövzusunda elmi sessiya keçirilib. Tədbirdə Ədəbiyyat Muzeyinin ilk dəfə 1939-cu il 1 noyabr tarixli sərəncamla yaradılması prosesinin 87-ci ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru akademik Rafael Hüseynov sessiyanı “Millətin əbədi mənəviyyat məbədi” adlı məruzə ilə açaraq bütün əməkdaşları muzey və ədəbiyyat bayramı münasibətilə təbrik edib.
Rafael Hüseynov təşəkkülü uzun və şanlı yollar adlamış muzeyin tarixi keçmişinə nəzər salmadan öncə yaxın günlərdə muzeyin elmi həyatında baş vermiş yeniliyi auditoriya ilə bölüşüb. Bildirilib ki, muzeyin elmi katibi Nuranə Əsədullayevanın bu gün elmlər doktoru diplomuna layiq görülməsi muzeydə illər öncə əsası qoyulmuş elmi fəaliyyət istiqamətinin gəlib çatdığı mühüm və sevindirici nəticələrdən biridir.
Daha sonra Rafael Hüseynov Ədəbiyyat Muzeyinin sovet illərindəki yaranma, formalaşma dövrünə toxunmadan öncə hələ XIX əsrin 50-ci illərində bu yerdə mövcud olmuş karvansaradan, sonra isə həmin karvansaranın Bakı milyonçusu Hacı Hacıağa Dadaşov tərəfindən satın alınaraq şəhərin məşhur “Metropol” mehmanxanasına çevrildiyi zamanlardan bəhs edib.
Alimin qeyd etdiyinə görə, XIX əsrdən bəri şəhərin tam mərkəzində yerləşmiş bu məkan həm karvansara, həm də “Metropol” mehmanxanası kimi fəaliyyət göstərdiyi illərdə Bakının spesifik tarixi simasını özündə yaşadan bir çox mədəni, etnoqrafik, o cümlədən hüznlü, qan-qadalı hadisələrə şahid olmuşdur.
Rafael Hüseynov Ədəbiyyat Muzeyi binasının sələfi olmuş “Metropol” mehmanxanasını 1918-1920-ci illər Cümhuriyyət tariximizlə bağlayan şanlı səhifələrini də vərəqləyərək “Məclisi-Məbusa”, yəni Milli Parlament iclaslarının da muzeyin bugünkü “İstiqlal” adlanan böyük zalında toplandığını, Parlament üzvlərinin çoxunun bu mehmanxanada mənzil etdiyini vurğulayıb. Akademik onu da diqqətə çatdırıb ki, vaxtilə bu mehmanxananın sahibi olmuş Hacı Hacıağa Dadaşovun nəslindən olan memar Sadıq Dadaşov sovet illərində məhz burada çalışaraq muzeyin binasının əsas memarı olub.
Daha sonra Rafael Hüseynov tarixi memarlıq abidəsi olan, dahi Nizaminin adını daşıyan və onun bədii irsini yaşadan binanın keçmişinə nəzər salaraq, görkəmli alimlər İsmayıl Axundovun, Abbas Zamanovun, Həmid Araslının və Arif Hacıyevin Ədəbiyyat Muzeyindəki genişmiqyaslı fəaliyyətindən, beynəlxalq elmi əlaqələrin inkişafına verdikləri töhfələrdən söz açıb.
Bildirilib ki, vaxtilə ictimai-siyasi elitanın, elmi araşdırmaların, mənəvi-mədəni tərəqqinin, humanist təbliğatın beşiyi olmuş Ədəbiyyat Muzeyi bu gün artıq elmi işlərin hazırlanıb müdafiəyə çıxarıldığı elm məbədi kimi Azərbaycan ədəbiyyatşünaslığına, şərqşünaslığına, mədəniyyətinə, incəsənətinə töhfələr vermək yolunda irəliləyir.
Elmi sessiyada Ədəbiyyat Muzeyinin və onun filiallarının da əməkdaşları bu elm, mənəviyyat məbədinin fəaliyyəti, tarixi inkişafı haqqnda fikir və xatirələrini bölüşüblər.
Rəqəmsal arxivləşdirmə, mədəniyyət irsinin tədqiqi və mənbəşünaslıq şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, muzeyin elmi katibi filologiya elmləri doktoru Nuranə Əsədullayeva, Ekspozisiyanın qorunması, təqdimi və rəqəmsal tətbiq şöbəsinin müdiri Tomiris Babanlı, Süni intellekt proqramlaşması və bədii-sənədli kinoxronika şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova, Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev, Əfzələddin Xaqani Şirvani adına Aran Regional Filialının elmi işçisi Ülviyyə Yusifova, S.Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələr Filialının böyük laborantı Nəzakət İbadova müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Fotoqraf - Səfiyar Məcnun