Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Dünyada müharibələrin dayandırılması, münaqişələrin həlli və davamlı sülhün təmin olunması bu gün beynəlxalq siyasətin ən aktual məsələlərindən biridir. Müxtəlif regionlarda davam edən müharibələr, humanitar böhranlar, beynəlxalq hüququn selektiv tətbiqi və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəsizliyi mövcud dünya nizamının ciddi sınaq qarşısında olduğunu göstərir. Belə bir şəraitdə Azərbaycanın keçdiyi tarixi yol, münaqişənin başa çatdırılması və postmünaqişə mərhələsində sülh quruculuğu istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət üçün öyrənilməli təcrübə kimi diqqət çəkir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.
O bildirib ki, bu kontekstdə Azərbaycan Prezidentinin BMT Baş katibi Antonio Quterreşin də iştirak etdiyi Bişkek şəhərində “ŞƏT plyus” formatında görüşündə və digər beynəlxalq platformalarda səsləndirdiyi mesajların yenidən aktuallaşdırılması xüsusi əhəmiyyət daşıyır.

BMT Təhlükəsizlik Şurasının qətnamələri və icra olunmayan beynəlxalq öhdəliklər
“Azərbaycanın yaxın tarixini xatırlamaq vacibdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi, ərazilərinin təxminən 20 faizi işğal olundu, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Bu dövrdə beynəlxalq ictimaiyyətin diqqəti dəfələrlə münaqişəyə yönəldi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etdi. Həmin sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənir, işğalçı qüvvələrin ərazilərdən çıxarılması tələb olunurdu. Lakin əsas problem qətnamələrin qəbul edilməsində deyil, onların icrasının təmin olunmamasında idi. BMT Təhlükəsizlik Şurasının qərarları uzun illər kağız üzərində qaldı. Beynəlxalq hüququn norma və prinsipləri mövcud olsa da, onların həyata keçirilməsi üçün zəruri siyasi iradə nümayiş etdirilmədi. Onilliklər ərzində davam edən vasitəçilik prosesi də münaqişənin həllinə gətirib çıxarmadı.
Bu, beynəlxalq münasibətlər sisteminin ən ciddi problemlərindən birini üzə çıxardı: beynəlxalq hüquq bütün dövlətlərə münasibətdə eyni dərəcədə tətbiq edilmədikdə, ədalətin təmin edilməsi mümkün olmur. Azərbaycan uzun illər məhz belə ikili standartlarla üzləşdi. Ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən qərarlar qəbul edilsə də, onların icrası istiqamətində təsirli mexanizmlər işə salınmadı. Nəticədə Azərbaycan öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün, ilk növbədə, öz gücünə, milli birliyinə, iqtisadi potensialına və müdafiə qabiliyyətinə arxalanmalı oldu. 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə isə suverenliyin tam bərpası ilə nəticələnən antiterror tədbirləri regionda yeni reallıq yaratdı”, - deyə N.Həsənov vurğulayıb.

Sülh quruculuğu və Böyük Qayıdış
“Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın yanaşması yalnız müharibənin başa çatdırılması ilə məhdudlaşmadı. Əsas məsələ müharibədən sonrakı dövrdə sülhün qurulması, təhlükəsizlik mühitinin formalaşdırılması, dağıdılmış ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi və regionda əməkdaşlıq imkanlarının yaradılması oldu.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir. Yeni yaşayış məntəqələri, yollar, hava limanları, enerji və sosial infrastruktur yaradılır. Bu proses göstərir ki, sülh yalnız silahların susması deyil, həm də insanların təhlükəsizliyinin, normal həyat şəraitinin və gələcəyə inamının bərpasıdır.
Azərbaycan təcrübəsinin beynəlxalq əhəmiyyəti də məhz buradadır. Münaqişədən çıxmış ölkənin qarşısında duran vəzifələr yalnız hərbi və siyasi məsələlərlə bitmir. Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, məcburi köçkünlərin qayıdışı, iqtisadi həyatın canlandırılması və keçmiş düşmənçilik mühitinin əməkdaşlıq münasibətləri ilə əvəzlənməsi kompleks yanaşma tələb edir.
Əlbəttə, Azərbaycanın təcrübəsini bütün münaqişələrə mexaniki şəkildə tətbiq etmək mümkün deyil. Hər münaqişənin öz tarixi, siyasi və regional xüsusiyyətləri var. Lakin bu təcrübədən götürülə biləcək fundamental dərslər universaldır: beynəlxalq hüquq işlək mexanizmlərlə müşayiət olunmalı, münaqişələrin həlli sonsuz vasitəçilik prosesinə çevrilməməli, dövlətlərin suverenliyi və ərazi bütövlüyü selektiv yanaşmaya məruz qalmamalı, sülh isə real siyasi iradə və qarşılıqlı öhdəliklər üzərində qurulmalıdır”, - deyə deputat əlavə edib.