Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Xalqın milli kimliyini, tarixi köklərini, mədəni irsini və dövlətçilik ənənələrini özündə ehtiva edən azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi əsas çağırışlardan biridir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq bu məsələnin prioritetliyini daha aydın görə bilərik. Ulu Öndərin siyasi xəttində azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi milli birliyin və dövlətçiliyin qorunmasının başlıca istiqamətlərindən biri olub. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri milli birliyin gücünü bir daha nümayiş etdirir. Bununla yanaşı, xarici təsirlərə qarşı dayanıqlılığın artırılması və cəmiyyətdə həmrəyliyin qorunması dövlətçilik baxımından aktual məsələlərdəndir.
Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın coğrafi üstünlüklərindən, ölkələr, xalqlar arasında körpü rolundan, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verməsindən geniş bəhs edərək “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk” söylədi və onu da əlavə etdi ki, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.
Azərbaycançılıq məfkurəsi
Milli Məclisin deputatı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırışı dünya azərbaycanlılarına oldu. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqilliyimizi və suverenliyimizi daim etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birlik tələb edilir. Ümummilli Liderin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrildi. Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri xalqın milli-mənəvi irsinin qorunmasıdır. Xalqın öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və mənəvi dəyərlərinə sahib çıxması milli kimliyin davamlılığını təmin edir. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasını müasir inkişafla və dünya birliyinə inteqrasiya ilə vəhdətdə nəzərdən keçirirdi. Bu baxımdan azərbaycançılıq həm tarixi irsə bağlılığı, həm də müasir dünyanın çağırışlarına uyğun inkişafı nəzərdə tutan ideoloji konsepsiyadır.
Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Liderin siyasi fəlsəfəsinə, Onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin digər sahələrdə olduğu kimi, bu istiqamətdə də siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2006-cı ildə II, 2011-ci ildə III, 2016-cı ildə IV Qurultay keçirildi. 2022-ci ildə Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycan diasporunun müstəqillik tariximizdə qət etdiyi şərəfli yolun, postmünaqişə dövründə onların qarşısında dayanan vəzifələrin təqdimatı oldu. Qeyd etdiyimiz kimi, azərbaycançılıq milli birliyi, Azərbaycana məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə, dövlətə, xalqa bağlılığı özündə təcəssüm etdirir. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən bildirdi ki, azərbaycançılıq ideologiyası, prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri məhz azərbaycançılıq məfkurəsidir.
Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir
Deputat qeyd edib ki, tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qarşıya qoyulan vəzifələrin uğurlu icrası hazırkı dövrdə yeni, bütövləşən Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsində öz sözünü deyir. İdeoloji mübarizədə üstünlüyümüzü qorumalıyıq. Bu isə öz növbəsində tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımızın daha da gücləndirilməsini qarşıya əsas vəzifə kimi qoyur. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında diqqəti ideoloji təhlükəsizlik məsələsinə yönəldərək bildirdi ki, bu, fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq.
“Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi, gənclərin milli ruhda tərbiyə olunması dayanır. Bütün dövrlər üçün aktuallığını qoruyan bu hədəf xüsusi vurğulanır ki, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi, dünyada oynadığı rolu artır. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir”, - deyə V.Rəhimzadə vurğulayıb.