Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Payız festivalı – Məhsul bayramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin əl işlərindən ibarət xeyriyyə sərgi-satışı təşkil olunub. Sərgidə tələbələrin müxtəlif sənət sahələrini əhatə edən yaradıcılıq nümunələri ziyarətçilərə təqdim edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fond rəhbəri Rəvan Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, festival tələbələr, müəllimlər və digər iştirakçılar üçün xoş bayram əhvali-ruhiyyəsi yaradıb. O, belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirərək sərginin həm gənc yaradıcıların əsərlərinin tanıdılması, həm də onların əməyinin qiymətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, universitetin tələbələri sərgidə keramika, ağac üzərində işləmə, vitraj və kətan üzərində yağlı boya texnikası ilə hazırladıqları əsərləri nümayiş etdiriblər. Ziyarətçilər əl işlərinə maraq göstərərək onları satın alıb, gənc rəssam və sənətkarların yaradıcılığına dəstək olublar. O qeyd edib ki, sərgi-satış zamanı tələbələrin ondan çox əl işi alıcılar tərəfindən əldə edilib. Xüsusilə keramika qabları, xalça naxışları ilə bəzədilmiş vitraj şüşələr, kətan üzərində rəsm əsərləri və güzgülər böyük maraq doğurub. Sərgidə təqdim olunan hər bir əl işi tələbələrin fərdi yaradıcılıq yanaşmasını, estetik zövqünü və qazandıqları praktiki bacarıqları nümayiş etdirib. Bu cür tədbirlər gənclərin öz əsərlərini geniş auditoriyaya təqdim etməsi, tamaşaçı rəylərini öyrənməsi və yaradıcılıq fəaliyyətinə marağının artırılması baxımından mühüm platformadır.
O, sərginin yalnız satış məqsədi daşımadığını, eyni zamanda, tələbələrin əməyinin təşviqinə, onların ictimaiyyətlə ünsiyyət imkanlarının genişlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, satışdan əldə olunan gəlirin bir hissəsi əsərlərin müəlliflərinə – tələbələrə çatdırılır, digər hissəsi isə xeyriyyə məqsədilə universitetə təqdim edilir. Beləliklə, tələbələr həm öz yaradıcılıqlarını nümayiş etdirmək, həm də sosial təşəbbüsə töhfə vermək imkanı qazanırlar.
Qeyd edək ki, ADA Məktəbində keçirilən Məhsul bayramı çərçivəsində təşkil olunan xeyriyyə sərgi-satışı təhsil, yaradıcılıq və sosial məsuliyyət ideyalarını bir araya gətirərək gənclərin təşəbbüskarlığının dəstəklənməsinə xidmət edir.
Müxbir - Tünzalə Arazlı