Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan öz gücünə, siyasi iradəsinə və milli maraqlarına əsaslanaraq münaqişənin həllinə nail olan, sülh quruculuğu gündəliyini irəli sürən orta güc dövlətidir. Bu, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təcrübədir. Belə ki, Azərbaycan 30 il Ermənistanın işğalı, soyqırımı, etnik təmizləmə siyasətindən əziyyət çəkib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri qəbul olunsa da, onların icrası təmin edilməyib. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartlar müşahidə olunub. Azərbaycan illərlə ədalətli mövqeyini beynəlxalq tribunalardan bəyan etsə də, real nəticənin əldə olunması öz gücü və xalqın birliyi sayəsindədir. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası beynəlxalq hüququn aliliyinin təmin edilməsi baxımından tarixi hadisədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatların qərarlarının icrasının nə qədər vacib olduğunu bir daha göstərib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icrasız qalması beynəlxalq təhlükəsizlik mexanizmlərinin effektivliyi ilə bağlı ciddi suallar yaradıb. Beynəlxalq təşkilatların nüfuzu yalnız qərar qəbul etməklə deyil, həmin qərarların icrasına nail olmaqla ölçülür. Əks halda, beynəlxalq hüququn universal prinsipləri etibarlılığını itirir. Azərbaycanın üzləşdiyi ikili standartlar da bu reallığı ortaya qoyub. Ölkəmiz bir tərəfdən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz mövqeyini müdafiə edir, digər tərəfdən isə həmin prinsiplərin tətbiqində selektiv yanaşmalarla qarşılaşırdı.
“Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, qəbul edilən qətnamələr 30 ildən sonra icra edildi. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamadı. Azərbaycan suverenliyi və ərazi bütövlüyünü tamamilə özü bərpa etdi. Azərbaycanın uğuru isə bununla məhdudlaşmır. Ən mühüm məqamlardan biri müharibədən sonra sülh gündəliyinin irəli sürülməsi, regionda yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Bu baxımdan Azərbaycanın təcrübəsi dünyaya mühüm mesaj verir ki, davamlı sülh üçün beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin tanınması, qarşılıqlı etimad və siyasi iradə vacibdir. Rəsmi Bakının postmünaqişə dövründə atdığı ilk mühüm siyasi addımlardan biri Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsipin irəli sürülməsi oldu. Bu prinsiplər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət, qarşılıqlı ərazi iddialarından imtina, gücdən və güc tətbiqi hədəsindən istifadə etməmək, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılması kimi məsələləri əhatə edirdi. Azərbaycan, eyni zamanda, Ermənistanla sülh sazişinin hazırlanması təşəbbüsünü də irəli sürən ölkədir”,-deyə deputat bildirib.
Könül Nurullayeva vurğulayıb ki, Azərbaycanın keçdiyi yol başda Cənubi Qafqaz olmaqla dünyada münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir. Bu təcrübə keçmiş münaqişələrin yaratdığı problemləri həll etməyin, yeni qarşıdurmaların qarşısını almağın mümkünlüyünü göstərib.