İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanda orta məktəbdən universitet auditoriyasına qədər ingilis dili dərsləri tədris olunur. Şagirdlər və tələbələr illərlə xarici dil öyrənsələr də, gündəlik ünsiyyətdə fikirlərini sərbəst ifadə etməkdə, danışıq zamanı düzgün sözləri seçməkdə və cümlə qurmaqda çətinlik çəkirlər. Bəzən qrammatik qaydaları yaxşı bilən, mətnləri tərcümə edə bilən gənclər belə xarici dildə sadə dialoq qurmaqda tərəddüd edirlər. Bu isə xarici dil tədrisində istifadə olunan metodikaların, dərs prosesində danışıq və dinləmə bacarıqlarına ayrılan vaxtın, eləcə də məktəbdənkənar dil mühitinin əhəmiyyətini yenidən gündəmə gətirir. Süni intellekt və rəqəmsal platformaların geniş yayıldığı indiki dövrdə dil öyrənmə imkanları artsa da, onların düzgün istifadəsi və real ünsiyyətlə tamamlanması vacibdir.
Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti, dilçi-metodist Hüzurə Ağayeva cavablandırıb.
-Azərbaycanda xarici dil tədrisinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Şagirdlərin illərlə xarici dil öyrənmələrinə baxmayaraq, sərbəst danışmaqda çətinlik çəkmələrinin əsas səbəbləri hansılardır?
- Azərbaycanda xarici dil tədrisinin mövcud vəziyyəti nəzəri biliklər baxımından güclü, praktiki tətbiq baxımından isə zəifdir. Şagirdlər qrammatik qaydaları yaxşı mənimsəsələr də, kommunikasiya bacarıqları eyni səviyyədə inkişaf etmir. Son illərdə kurikulum sisteminin tətbiqi ilə müəyyən irəliləyişlər əldə olunsa da, ənənəvi qrammatika-tərcümə metodu (GTM) hələ də üstünlük təşkil edir.
Şagirdlərin sərbəst danışa bilməməsinin əsas səbəblərindən biri söz ehtiyatının böyük hissəsinin passiv xarakter daşımasıdır. Yəni onlar sözləri oxuyarkən və ya eşidərkən tanıyır, lakin danışıq zamanı müstəqil şəkildə istifadə etməkdə çətinlik çəkirlər. Digər tərəfdən, summativ qiymətləndirmə və imtahanların əsasən qrammatika və test tapşırıqlarına yönəlməsi də danışıq bacarığının arxa plana keçməsinə səbəb olur.
Bununla yanaşı, şagirdlərin öyrəndikləri dili gündəlik ünsiyyətdə tətbiq edə biləcəkləri mühitin məhdudluğu, dərslərdə dinləmə materiallarından kifayət qədər istifadə edilməməsi və səhv etmək qorxusu da mühüm amillərdəndir. Ən vacib səbəblərdən biri isə müəllimlərin peşəkar hazırlığı və tətbiq etdikləri metodikadır. Bir çox hallarda dərslər canlı ünsiyyət əvəzinə qaydaların əzbərlənməsi və test tapşırıqlarının həlli üzərində qurulur. Müəllim şagirdləri yalnız qaydaları mənimsəməyə deyil, dili praktik şəkildə istifadə etməyə də istiqamətləndirməlidir.
- Xarici dil dərslərində qrammatika və yazı qaydalarına üstünlük verilməsi danışıq bacarığının inkişafına necə təsir göstərir? Tədris prosesində dinləmə və danışıq bacarıqlarına daha çox yer ayrılmalıdırmı?
-Qrammatika və yazı qaydalarına həddindən artıq üstünlük verilməsi danışıq bacarığının inkişafına mənfi təsir göstərir, onu ləngidir və məhdudlaşdırır. Şagird danışarkən fikrini ifadə etmək əvəzinə, beynində qaydaları və cümlə strukturunu qurmağa çalışır. Bu da nitqin axıcılığını pozur. Tədris prosesində dinləmə və danışıq bacarıqlarına mütləq daha çox yer ayrılmalıdır. Dil öyrənilməsi dörd əsas bacarıq üzərində qurulur və onların təbii ardıcıllığı dinləmə, danışıq, oxu və yazı şəklindədir. İnsan ana dilini də ilk növbədə eşidərək və danışaraq mənimsəyir. Xarici dil tədrisində də dinləmə və danışığa üstünlük verilməsi dili süni qaydalar toplusu kimi deyil, canlı ünsiyyət vasitəsi kimi öyrənməyə kömək edir.
Mənim fikrimcə, dərs vaxtının ən azı 60-70 faizi dinləmə və danışıq fəaliyyətlərinə ayrılmalıdır. Qrammatik qaydalar isə təcrid olunmuş şəkildə deyil, real situasiyalar və kommunikativ tapşırıqlar vasitəsilə öyrədilməlidir.
-Şagirdlərin xarici dildə danışarkən səhv etməkdən çəkinməsi və özünəinam problemi hansı amillərlə bağlıdır? Müəllimlər bu maneəni aradan qaldırmaq üçün hansı üsullardan istifadə edə bilərlər?
-Şagirdlərin xarici dildə danışmaqdan çəkinməsi və özünəinam problemi, əsasən, səhv etdikdə gülünc görünmək və dərhal mühakimə olunmaq qorxusu ilə bağlıdır. Sərt qiymətləndirmə mühiti, səhvlərə görə aşağı qiymət almaq və ya tənqid olunmaq ehtimalı bu narahatlığı daha da artırır. Bəzi şagirdlər yalnız tam düzgün cümlə qura bildikləri halda danışmalı olduqlarını düşünürlər. Sinifdə dil səviyyəsi yüksək olan həmyaşıdları ilə müqayisə edilmək qorxusu da onların ünsiyyətə qoşulmasına mane olur. Müəllim sinifdə psixoloji baxımdan rahat mühit yaratmalıdır. Şagird danışarkən onun sözünü kəsmək, hər səhvinə dərhal müdaxilə etmək düzgün deyil. Fikrini tamamlamasına imkan verilməli, düzəlişlər isə nitq bitdikdən sonra aparılmalıdır. Səhvlər öyrənmə prosesinin təbii hissəsi kimi qəbul edilməlidir. Bundan əlavə, cütlərlə və kiçik qruplarla iş, situativ dialoqlar və müzakirələr şagirdlərin danışıqda daha fəal iştirakına kömək edə bilər.
- Xarici dilin mənimsənilməsində dərs saatlarının sayı, siniflərdə şagird sıxlığı və müəllimin tətbiq etdiyi metodika nə dərəcədə rol oynayır?
- Bu üç amil dilin mənimsənilməsində bütöv bir zəncir təşkil edir və bir-birinin effektivliyinə birbaşa təsir göstərir. İlk növbədə, müəllimin tətbiq etdiyi metodika həlledici əhəmiyyət daşıyır. Tədris qrammatik qaydaların əzbərlənməsinə deyil, kommunikasiyaya əsaslanmalıdır. Düzgün metodika olmadıqda, dərs saatlarının çoxluğu və ya sinifdə şagird sayının azlığı belə arzuolunan nəticəni verməyə bilər. Sinifdə şagird sayının az olması hər bir uşağa daha çox danışmaq imkanı yaradır. Məsələn, 12-15 nəfərlik sinifdə müəllim hər bir şagirdin nitqini dinləyə, fərdi ehtiyaclarını müəyyənləşdirə və ona daha ətraflı rəy verə bilər. Şagird sayı çox olduqda isə hər bir uşağa düşən aktiv danışıq vaxtı azalır.
Dərs saatlarının sayı da mühüm amildir. Bu, şagirdin xarici dilə nə qədər müddət ərzində məruz qalmasını və öyrəndiklərini təkrar etmək imkanlarını müəyyənləşdirir.
- Şagirdlərin xarici dil bacarıqlarının inkişafında məktəb dərsləri ilə yanaşı, ailə mühiti, rəqəmsal resurslar, filmlər, podkastlar və gündəlik ünsiyyət hansı əhəmiyyətə malikdir?
- Xarici dilin mənimsənilməsi yalnız məktəb və ya kurs çərçivəsində baş verən proses deyil. Məktəb dərsləri ilə yanaşı, ailə mühiti, rəqəmsal resurslar və gündəlik ünsiyyət də şagirdlərin dil bacarıqlarının praktiki və təbii şəkildə inkişafına kömək edir. Filmlər və podkastlar şagirdlərə real danışıq dilini, müxtəlif aksentləri və tələffüz formalarını eşitmək imkanı yaradır. Bu, onların dinləyib-anlama bacarıqlarını gücləndirir. Rəqəmsal tətbiqlər və interaktiv oyunlar isə öyrənmə prosesini maraqlı edir, söz ehtiyatının genişlənməsinə və yeni ifadələrin yadda saxlanılmasına kömək göstərir.
Ailə mühitində və gündəlik həyatda xarici dildə ünsiyyətə şərait yaradılması öyrənilən dilin nəzəri bilikdən praktik ünsiyyət vasitəsinə çevrilməsinə imkan verir. Bu, eyni zamanda, şagirdlərin danışıq qorxusunu və psixoloji baryerlərini aradan qaldırmağa kömək edir. Məktəb dilin qrammatik bazasını formalaşdırır, məktəbdənkənar mühit isə həmin biliklərin davamlı praktikaya çevrilməsini təmin edir.
-Süni intellekt alətləri və dil öyrənmə tətbiqləri şagirdlərin danışıq bacarıqlarının inkişafına nə dərəcədə kömək edə bilər? Bu vasitələrdən istifadə zamanı nələrə diqqət yetirilməlidir?
- Süni intellekt alətləri və dil öyrənmə tətbiqləri şagirdlərin danışıq bacarıqlarının inkişafına əhəmiyyətli dərəcədə kömək edə bilər. Bu vasitələr şagirdlərə səhv etməkdən çəkinmədən, daha rahat şəkildə xarici dildə danışmaq imkanı yaradır. Süni intellektlə interaktiv dialoqlar qurmaq, tələffüz üzərində işləmək və buraxılan səhvlərlə bağlı izahat almaq mümkündür. Bundan əlavə, tətbiqlər şagirdin dil səviyyəsinə və maraq dairəsinə uyğun tapşırıqlar və mövzular təqdim edə bilər. Lakin bu vasitələrdən istifadə zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. İlk növbədə, süni intellekt real insan ünsiyyətini tam əvəz etməməlidir. Şagirdlər öyrəndiklərini müəllimləri, həmyaşıdları və ailə üzvləri ilə gündəlik ünsiyyətdə də tətbiq etməlidirlər. Eyni zamanda, rəqəmsal asılılığın qarşısını almaq üçün ekran qarşısında keçirilən vaxta nəzarət olunmalı, istifadə edilən platformaların şagirdin yaşına, psixoloji xüsusiyyətlərinə və dil səviyyəsinə uyğunluğu nəzərə alınmalıdır.
- Söz ehtiyatı, yoxsa qrammatika: Xarici dili öyrənməyə başlayan gənclər, ilk növbədə, hansına üstünlük verməlidirlər?
- Bir metodist kimi bu mövzuya yanaşmam belədir: söz ehtiyatı dilin kərpicləri, qrammatika isə həmin kərpicləri bir arada saxlayan sementdir. Biri olmadan digərinin funksional istifadəsi mümkün deyil.
İlkin mərhələdə söz ehtiyatının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki insan kifayət qədər söz bilmədikdə fikrini ifadə etməkdə çətinlik çəkir. Qrammatik səhvlərlə danışsa belə, müəyyən sözlər vasitəsilə fikrini qarşı tərəfə çatdıra bilər. Bu baxımdan, dil öyrənməyə başlayan gənclər ilk növbədə söz bazasını genişləndirməyə diqqət yetirməlidirlər. Lakin dil səviyyəsi yüksəldikcə qrammatik biliklər də fikrin daha dəqiq və məntiqli ifadəsi üçün vacib olur. Gənclərə tövsiyəm sözləri ayrı-ayrılıqda və mexaniki şəkildə əzbərləməmələridir. Onları cümlələr və ifadələr daxilində, müəyyən kontekstdə öyrənmək daha səmərəlidir. Qrammatik qaydaları da yalnız nəzəri şəkildə mənimsəməklə kifayətlənməməli, öyrəndiklərini real həyat situasiyalarında tətbiq etməlidirlər.
Söz ehtiyatını genişləndirmək və yeni ifadələri yadda saxlamaq üçün interaktiv kartlardan (flashcards), dinləmə materiallarından və rəqəmsal resurslardan istifadə etmək olar. Ən əsası isə öyrənilən dildə danışmaqdan çəkinməmək və səhvləri inkişaf prosesinin təbii hissəsi kimi qəbul etməkdir.
Müxbir-Nərmin Muradzadə