Texniki Universitetin təcrübəsi NDU-nun magistrant və doktorantlarına təqdim olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun (YTİ) direktoru Aynurə İsmayılova Naxçıvan Dövlət Universitetinin (NDU) magistrant və doktorantları üçün “Magistr dissertasiyası: layihə kimi” mövzusunda mühazirə oxuyub.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Mühazirədə AzTU-nun təcrübəsi əsasında magistratura və doktorantura təhsilinin təşkili, tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və elmi potensialın inkişafı məsələləri diqqətə çatdırılıb. Bildirilib ki, magistr dissertasiyalarının sənaye problemlərinin həllinə yönəldilməsi, tədqiqat prosesində layihə idarəetməsi yanaşmasının tətbiqi və əldə olunan elmi nəticələrin praktikaya inteqrasiyası mühüm əhəmiyyət daşıyır.
Mühazirənin praktiki hissəsində Naxçıvanın Darıdağ arsenli mineral suyu real tədqiqat nümunəsi kimi təqdim olunub. İştirakçılar bu nümunə əsasında tədqiqatın mərhələləri, zəruri resursların müəyyənləşdirilməsi və layihə planının hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Sonda magistrant və doktorantların sualları cavablandırılıb.