Şirvanşahlar Sarayında “Sayrışan simvollar” sərgisi təqdim olunur
Bakı, 30 oktyabr, AZƏRTAC
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Atəş Hub” müasir incəsənət platformasının təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan simvollar” (“Shimmering Symbols”) adlı sərgi və rəssamlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının daşıdığı simvolik mənaları müasir incəsənət kontekstində araşdırır.
Ekspozisiyanın mərkəzində “Qafqazın Böyük Beşliyi” – Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu obrazlar yalnız bölgənin biomüxtəlifliyinin nadir nümunələri kimi deyil, həm də kollektiv yaddaşda formalaşmış mədəni və simvolik kodlar kimi təqdim olunur.
Yeni media və multidissiplinar sənət yanaşmalarının tətbiq olunduğu sərgidə heyvan obrazlarının qədim totemik təsəvvürlərdən müasir vizual mədəniyyətə qədər keçdiyi dəyişikliklərə diqqət yetirilir. Əsərlərdə həmin simvolların müasir ekoloji, mədəni və texnoloji reallıqlar fonunda yeni interpretasiyaları əksini tapır.
Sərginin mentoru “Atəş Hub” platformasının təsisçisi Sabina Şıxlinskaya, kuratoru isə Mənsurə Məmmədəliyevadır. Layihədə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupovanın əsərləri nümayiş olunur.
Qeyd edək ki, “Sayrışan simvollar” mədəni irsin müasir bədii yanaşmalarla yenidən mənalandırılmasını və gələcək nəsillərə ötürülməsini hədəfləyən “Varislər” sənət layihəsinin tərkib hissəsidir.
Sərgi oktyabrın 30-dan noyabrın 1-dək Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilər üçün açıq olacaq.
Müxbir - Gülay Nəzərova