Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik
Bakı, 30 oktyabr, AZƏRTAC
Əlbəttə, daha yaxşı nəticəyə ümid edirdik. Sadəcə, dünənki ağır məğlubiyyətdən sonra futbolçular psixoloji cəhətdən tam toparlana bilmədilər. Onları oyuna kökləməyə çalışdıq, amma təəssüf ki, bəzi məqamlarda yenə boşluqlar hiss olunurdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən FIFA U-15 dünya çempionatında Əfqanıstan yığmasına məğlub olaraq 84-cü yeri tutmaları barədə jurnalistlərə açıqlamasında deyib.
O, yığmanın turnirdəki nəticəsini şərh edib: “Düşünürdük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksəksəviyyəli komandalarla oynayaq. Bununla da uşaqlarımızdakı çatışmazlıqları, boşluqları görə bilək. Bizim üçün əsas məsələ bu turnirdə nəyə ehtiyacımız olduğunu müəyyənləşdirmək idi”.
Mütəxəssis bildirib ki, bu futbolçulara, bu nəslə inanmaq lazımdır: “Həqiqətən, oyunçularımız çox istedadlıdırlar. Futbolçuların keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var və belə bir turnirdə ilk dəfə çıxış edirlər. Aralarında elə futbolçular var ki, indiyədək ölkə xaricinə çıxmayıblar. İlk beynəlxalq turnirlərində altı gün ərzində 10-cu oyuna çıxmaq onlar üçün çox ağır təzyiqdir. Əslində, qrup müəyyənləşəndən sonra düşüncəmiz birinci yeri tutmaq və daha yaxşı komandalarla qarşılaşmaq idi. Əvvəlki oyunlarımızı izləmisiniz. Avstraliya, Haiti və Çili ilə görüşlərdə komandamız kifayət qədər yaxşı çıxış etdi. Sadəcə, müəyyən məqamlarda futbolçular təcrübəsizlikdən boşluqlara yol verdilər və rəqiblər bundan istifadə etdilər”.
F.Xəlilovun sözlərinə görə, bu futbolçuların yetişməsi üçün çoxlu beynəlxalq turnirə ehtiyac var: “Kifayət qədər oyunlar keçirməli, daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, belə hallarda oyuna daha yaxşı köklənə və yüksək performans göstərə bilsinlər. Əlbəttə, bu işdə əsas məsuliyyət klubların üzərinə düşür. Uşaqlar üçün daha çox turnirlərin təşkili vacibdir”.
Baş məşqçi AFFA rəhbərliyinin göstərdiyi dəstəyi də qeyd edib: “Hər kəs futbolçuların ilk dəfə belə yarışda iştirak etdiyini nəzərə aldı. Bizə dəstək göstərdilər. Həm futbolçuların, həm də bizim üzərimizə çox iş düşür. Çatışmazlıqlarımızı artıq bilirik və onların üzərində işləməliyik. Düşünürəm ki, qarşıdakı müddətdə bu uşaqları növbəti U-17 Avropa çempionatının seçmə mərhələsinə tam şəkildə hazırlamaq imkanımız olacaq”.
Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.
Müxbir – Cavid Əliyev