“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir
Bakı, 30 oktyabr, AZƏRTAC
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində iştirakçılar Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı əsərlər – monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.
Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə təqdim olunur. Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir.
Fərhad Xəlilovun “Buzovnada”, “Görədildə”, “Mərdəkanda yağış”, “Çiçəklənən nar ağacı”, “Buzovnada payız”, “Buzovnada bahar”, “Sahildə küləkli axşam”, “Yağışlı gün”, “Zirədə gecə”, “Sahildə qar”, “Qala kəndində” və “Maştağada axşam” kimi əsərlərində Abşeronun təbiəti və mənzərələri rəng, işıq və kolorit vasitəsilə özünəməxsus bədii ifadəsini tapır. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu hisslər və emosional çalarlar da mühüm əhəmiyyət daşıyır.
Rəssamın yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir.
Müxtəlif yaradıcılıq dövrlərini əhatə edən ekspozisiya Fərhad Xəlilovun bədii dünyasının formalaşmasını, sənətkarın yaradıcılıq axtarışlarını və üslubunda baş verən dəyişiklikləri izləməyə imkan verir.
Sərgi, eyni zamanda, Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində hansı məna kəsb etdiyini üzə çıxarır.