“Baku Art Weekend” festivalı çərçivəsində Fərid Rəsulovun fərdi sərgisi - “Yaşa, Xəzər!”
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da İçərişəhərdə "Otaq Gallery"də “Baku Art Weekend” festivalı çərçivəsində Fərid Rəsulovun “Yaşa, Xəzər!” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Xəzər dənizini müxtəlif canlıların bir-biri ilə əlaqədə yaşadığı, eyni zamanda insan müdaxiləsinin davamlı təsiri altında dəyişən və müxtəlif maraqların toqquşduğu yaşayış mühiti kimi təqdim edir. Suitilər, qutanlar, nərə balıqları və sahil bitkilərinin təsvir olunduğu rəsmlər getdikcə daha qeyri-sabit hala gələn bu mühitdə həyatın necə davam etdiyinə diqqət çəkir.
Ekoloji tarazlığın pozulması əsərlərdə elementlərin yerləşdirilməsi ilə aydın görünür: yuvalar həyat üçün vacib olan bataqlıq ərazilərdən ayrı düşür, heyvanlar açıq sahillərdə toplaşır, balıq torları isə su canlılarının yaşayış mühitini pozur.
Bu təsvirlər mənzərə sənəti ənənəsinə fərqli baxış təqdim edir və təbiətin insanın müşahidəsinə və nəzarətinə tabe bir məkan kimi qəbul edilməsinə tənqidi yanaşır. Xəzər burada canlıların məskunlaşdığı bir ərazi kimi təqdim olunur; onun tədricən pisləşən ekoloji vəziyyəti isə burada yaşayan canlıların gələcəyini təhlükə altına alır.
Zəngin təbiət mənzərələrinin hansı zamana aid olduğu qeyri-müəyyən qalır. Bu səhnələr keçmişdəki təbiəti xatırlada, bu gün hələ də mövcud olan yaşayış mühitlərini əks etdirə və ya gələcəkdə təbiətin yenidən bərpa oluna biləcəyi təsəvvürünü yarada bilər. Bu təsvirlərin əhəmiyyəti də məhz bu qeyri-müəyyənlikdən irəli gəlir. Təbiətin çiçəkləndiyi əks etdirən bu təsvirlər bugünkü vəziyyəti dəyərləndirməyə imkan verir və bəzi növlərin hələ də mövcud olması ilə ekosistemin bütövlüyünün qorunması arasındakı fərqi üzə çıxarır.
“Yaşa, Xəzər!” şüarı Xəzəri qorunması vacib olan canlı bir varlıq kimi təqdim edir. Bu çağırışın aktuallığı sərgiyə siyasi məzmun da qazandırır: bu yaşayış mühitlərinin gələcəyi məsuliyyətin bölüşdürülməsindən, təbii sərvətlərin idarə olunmasından və Xəzərlə bağlı fərqli maraqların uzlaşdırılmasından asılıdır.
Müxbir - Gülay Nəzərova