Ağdam Cənubi Qafqazın ekoloji mərkəzinə çevriləcək
Ağdam, 30 oktyabr, AZƏRTAC
Ağdam şəhəri təsdiq olunmuş Baş Plana əsasən sıfırdan “Ağıllı şəhər” (“Smart city”) və “Yaşıl Ekoloji Zona” konsepsiyası əsasında yenidən qurulur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov deyib.
O bildirib ki, şəhərdə ekoloji dayanıqlılığı təmin etmək üçün tikilən binalarda yüksək enerji effektivliyi, Günəş panelləri və xüsusi izolyasiya materiallarından istifadə olunur. Nəqliyyat sistemində mikromobillik - velosiped və skuter yolları, piyada zonaları və elektrik avtobusları prioritet təşkil edir. Eyni zamanda, yağış sularının toplanması və çirkab suların təmizlənərək suvarma işlərinə yönəldilməsi kimi suya qənaət edən texnologiyalar tətbiq olunur.
“Gələcəkdə Ağdam mərkəzindən ətrafına doğru kəsintisiz yaşıl dəhlizlərlə əhatə olunmuş, ərazisinin böyük hissəsini yaşıllıqlar təşkil edən biomərkəzli bir şəhərə çevriləcək. Kəngərli, Xıdırlı və Sarıcalı kimi kəndlərimiz ekoloji kənd təsərrüfatı və dayanıqlı su idarəçiliyinə söykənən eko-kənd modelində inşa edilir. Sənaye parklarında isə "təmiz istehsalat" standartları tətbiq olunur. Nəticə etibarilə, Ağdam təkcə müasir yaşayış məskəni deyil, ətraf mühitə mənfi təsiri minimuma endirilmiş, Cənubi Qafqazın nümunəvi "Yaşıl şəhər" (“Green city”) modelinə və regionun ekoloji mərkəzinə çevriləcək”, - deyə Eldar Seyidov bildirib.
Müxbir – Tahir Ağaməmmədov