Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib
Bakı, 30 oktyabr, AZƏRTAC
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda əvvəlcə institutun Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Xaqani Alməmmədov çıxış edib. O, Azərbaycan ərazisində Xalkolit (mis-daş) dövrünə aid Leylatəpə mədəniyyəti, həmçinin “Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində Qarabağda aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Bölgənin arxeoloji irsinin öyrənilməsi, qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra Almaniyanın Berlin Azad Universitetinin doktoru Karolina Hruby “Artefaktdan fəaliyyətə: Leylatəpə makrolitik daş alətlərinin texnoloji, funksional və eksperimental tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Leylatəpə mədəniyyətinə aid makrolitik daş alətlərin hazırlanma texnologiyası, funksional xüsusiyyətləri və istifadə üsulları təhlil olunub. Həmçinin onların funksional təyinatının müəyyənləşdirilməsində eksperimental arxeologiyanın imkanlarından, müxtəlif fəaliyyət sahələrində istifadə potensialının yoxlanılmasından və əldə olunan nəticələrin arxeoloji materialların elmi şərhində tətbiqindən bəhs edilib.
Qeyd olunub ki, daş alətlərin forma və texniki xüsusiyyətlərinin, hazırlanma üsullarının, eləcə də qədim insanların gündəlik təsərrüfat fəaliyyətindəki rolunun kompleks şəkildə araşdırılması Leylatəpə mədəniyyətinin maddi irsinin daha dərindən öyrənilməsinə imkan yaradır.
Seminar çərçivəsində texnoloji, funksional və eksperimental yanaşmaların arxeoloji tədqiqatlarda tətbiqinin əhəmiyyəti vurğulanıb.