Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR
Bakı, 30 oktyabr, AZƏRTAC
Çinin mərkəzində yerləşən Henan əyalətinin Sanmensia bölgəsindəki Sarı çay bataqlığı köçəri qu quşlarının qışlama məkanına çevrilib. Soyuq mövsümün yaxınlaşması ilə çoxsaylı qu quşları bu əraziyə axın edir.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyi Sanmensia bataqlıq parkında məskunlaşan qu quşlarının fotolarını yayıb.
Oktyabrın 30-da çəkilən fotolarda qu quşlarının bataqlıq ərazisindəki mənzərəli görüntüləri əks olunub. Ağ quşların Sarı çayın suları üzərində və bataqlıq ərazisində toplaşması bölgəyə xüsusi gözəllik qatır.
Qeyd edək ki, Sanmensia bölgəsindəki Sarı çay bataqlığı köçəri quşların mühüm qışlama məkanlarından biri hesab olunur.