Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da “Modern İnkişaf və Ailə” İctimai Birliyi və “Müstəqil İnkişaf” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin işığında: Qəhrəmanlıqdan gələcəyə!” mövzusunda tədbir keçirilib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən “Müstəqil İnkişaf” Gənclər İctimai Birliyinin sədri Sübhan Şərifov 8 Noyabr Zəfərinə aparan tarixi yoldan bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinin əldə olunmasında mühüm rol oynayıb.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva 8 Noyabr Zəfərini Azərbaycan xalqının ən böyük bayramı, bu Zəfəri xalqımıza yaşadanları isə qəhrəmanlar adlandırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılan tarixi Qələbənin xalqımızın öz torpaqlarının bir qarışından belə imtina etmək niyyətində olmadığını bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Jurnalist-publisist, siyasi şərhçi Əliqismət Bədəlov Azərbaycan xalqının heç vaxt torpaqlarının işğalı ilə barışmadığını, itirilmiş ərazilərin azad olunacağına daim inandığını xatırladıb. O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi bu qətiyyəti bir daha bütün dünyaya nümayiş etdirib.
Daha sonra çıxış edən natiqlər gənc nəslin xalqımızın qəhrəmanlıq tarixini dərindən öyrənməsinin vacibliyini vurğulayıb, onları 8 Noyabr Zəfərinin tarixi əhəmiyyətini qoruyub saxlamağa, dövlətimizin inkişafı naminə yeni uğurlara və nailiyyətlərə imza atmağa çağırıblar.
Tədbirin sonunda Yusif Museyibzadənin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.